Press "Enter" to skip to content

Selçuk Bayraktar və Ceyhun Salmanov Türkiyədə müalicə alan qaziləri ziyarət edib

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər çərçivəsində C.Salmanovla Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən qaziləri ziyarət edib.

Bu barədə bayraqdar.info-ya Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, söhbət zamanı xəstəxana rəhbərliyi və professor-həkim heyəti ilə qazilərin mövcud durumu ətraflı müzakirə olunub.

Vurğulanıb ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün qəhrəman döyüşçülərimizə minnətdarıq və “YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Qazilər belə bir səfər gerçəkləşdirildiyi üçün həm Dövlət Agentliyinə, həm də Selçuk Bayraktara öz minnətdarlıqlarını bildiriblər.

Qazilərə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, həkimlərin rəyi nəzərə alınaraq 120 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Mission News Theme by Compete Themes.