Press "Enter" to skip to content

Tbilisi meri: Bakı məni həmişə valeh edib

Bayraqdar.info – Prezident İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib.

Bu barədə iyulun 14-də Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, qonağı hörmətlə qarşılayan dövlət başçısı onun Azərbaycanda dəfələrlə oldugunu, indi isə Tbilisi şəhərinin meri kimi gəldiyini qeyd edib.

“Tbilisi və Bakı şəhərlərinin tarixində əlamətdar hadisə baş verib, qardaşlaşma haqqında saziş imzalanıb. Mən bunu alqışlayıram, çox düzgün addımdır və düşünürəm ki, təbii addımdır. Həm Bakı, həm də Tbilisi tarixi şəhərlərdir və hər iki şəhərdə bir çox tarixi memarlıq abidələri mövcuddur. Hər iki şəhərdə köhnə kvartal var – İçərişəhər və köhnə Tbilisi. Siz də yaxşı bilirsiniz, heç də bütün ölkələrdə belə şəhərlər yoxdur ki, köhnə kvartallar olsun və o kvartalların siması qorunsun. Tarix boyu Cənubi Qafqazda həm Bakı, həm də Tbilisi həmişə öz gözəlliyi ilə fərqlənib və həm siyasi, həm iqtisadi, həm də mədəni mərkəz rolunu oynayıblar”, – deyə Prezident bildirib.

İ.Əliyev çoxlu qarşılıqlı səfərlərin olmasını, ictimaiyyət, media nümayəndələrinin, tanınmış şəxslərin müntəzəm olaraq qarşılıqlı səfərlər etməsini istədiyini vurğulayıb.

Tbilisi şəhərinin meri Kaxa Kaladze də öz növbəsində bildirib ki, Bakı şəhərinə gəlmək onun üçün həmişə xoşdur. “Bakı, buranın mədəniyyəti, ənənələri, insanları məni həmişə valeh edib. Şəhər gündən-günə gözəlləşir, abadlaşır, biz bunu alqışlayırıq. Bugünkü səfər üçün bir daha təşəkkür edirəm. Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyiniz üçün Sizə təşəkkür edirəm. Gürcüstan da öz tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq. Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var”, – deyə mer qeyd edib.

Əlavə edək ki, Tbilisi meri Bakıya iyulun 13-də gəlib və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Bakı ilə Tbilisi arasında Qardaşlıq Memorandumu imzalanıb. Xəbəri Bakı şəhər administrasiyası yayıb.

Mission News Theme by Compete Themes.