Press "Enter" to skip to content

Bakı Metrosuna 20 yeni vaqon gətirilib – VİDEO

Bayraqdar.info – “İyun ayının sonuncu iki günü ərzində iki tərkibdə olmaqla, Rusiyanın “MetroVaqonMaş” müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar “Nərimanov” elektrik deposuna gətirilib.”

Bu sözlər “Bakı Metropoliteni” QSC Mətbuat xidmətindən iyulun 17-də bayraqdar.info-ya verilən məlumatdandır.

Məlumata görə, 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar Metropolitenin sifarişi və texniki şərtlərinə uyğun istehsal olunub. İnnovasiyalar baxımından ən müasir – 4-cü nəslə məxsus 81-765. B81-/766 B modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq.

Sərnişinə xidmət üstünlüklərini əsas hesab edən Bakı Metrosu kondisioner sisteminin Bakının iqlim şəraitinə uyğunlaşdırılaraq qurulduğunu qeyd edir.

“Mikroiqlim nəzarəti sistemi havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Bununla yanaşı, vaqonda ultrabənövşəyi lampalar da havanın zərərsizləşdirilməsi funksiyasını daha da gücləndirir.

Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin rahatlığını və bərabər paylanmasını təmin edir. Eyni zamanda, qatarın tutumu 15 faiz artır. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstdə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da sərnişinə xidmət imkanlarını genişləndirir”, – deyə Metropolitendən bildirilir.

Həmçinin, o da qeyd edilir ki, maşinist kabinəsinin sahəsi geniş olmaqla daha rahat şəraitdə idarəetməyə şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə ilə yanaşı, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır.

Yaxın günlərdə yeni vaqonlarda sazlama və tənzimləmə işləri aparılaraq, normativlərə uyğun yürüş sınaqları keçiriləcək. Xəttə buraxıldıqdan sonra Metropolitenin lokomotiv parkındakı yeni qatarların sayı 19-a (95 vaqon) çatdırılacaq.

Mission News Theme by Compete Themes.