Press "Enter" to skip to content

Avropa Birliyi Azərbaycanın bədxahlarına ismarıc verir

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri hələ də müzakirə edilməkdədir. Bu da təbiidir. Çünki bir tərəfdən Azərbaycanın bölgənin ən önəmli dövləti olması, digər tərəfdən də Avropa Birliyinin buradakı maraqları bu cür diplomatik hərəkətlənmələrin diqqət cəlb etməsinə səbəb olur.

Ş.Mişel Azərbaycanda olarkən Şəhidlər Xiyabanını ziyarət etdi, orada məhz Sovetlərin Azərbaycan xalqına qarşı təcavüzünü vurğuladı. Bununla, əslində Rusiyaya ismarıc vermiş oldu. Çünki Rusiyanın üzdə dost görünməsinə baxmayaraq Azərbaycana hələ də problem yaratmağa çalışdığı dünyanın diqqətindən yayına bilməz. O baxımdan Ş.Mişelin 1990-cı ilin 20 Yanvar qurbanlarını anarkən məsələyə belə münasibət bildirməsini pozitivə yozmaq olar. Yəni AB Azərbaycana qarşı növbəti belə və ya bənzər davranışı sakit qarşılamaq fikrində deyil.

Maraqlıdır ki, Ş.Mişelin Şəhidlər Xiyabanını ziyarətlə bağlı sosial media paylaşımı Rusiyanın forpostu Ermənistanın çox ciddi təpkisinə səbəb oldu. Ermənilər dolayısıyla Rusiyaya haqq qazandıraraq onu topa tutdular. Bu isə, bir tərəfdən həm də Azərbaycanın nə qədər haqlı olduğunu göstərmiş oldu. Avropa rəsmisi növbəti dəfə rus-erməni tandemini şəxsən müşahidə etmiş oldu.

Ş.Mişelin Prezident İlham Əliyevlə istər qeyri-rəsmi, istərsə də rəsmi görüşündə, mediaya verdiyi açıqlamalarda sərgilədiyi münasibət də Azərbaycanın əleyhdarları üçün olduqca ciddi siqnaldır. Artıq geniş şəkildə təhlil edilən bu münasibət doğrudan da ağlı başında olan qərarvericilərə bir xəbərdarlıq olmalıdır.

Şura Prezidentinin bu səfər boyunca bir dəfə də olsun “Dağlıq Qarabağ” söz birləşməsini işlətməməsi AB-nin Azərbaycanın torpaq bütünlüyü, inzibati-ərazi bölgüsüylə bağlı mövqeyini qəbul etməsi deməkdir. Belə hesab etmək olar ki, AB üçün Ermənistan-Azərbaycan münaqişəsi bitib, Dağlıq Qarabağ adında bir ərazi vahidi də yoxdur. Bundan sonra görüləcək işlər iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi, xalqlar arasında etimadın bərpa edilməsi ilə bağlıdır. Bir daha vurğulayırıq: münaqişə, Azərbaycanın da bəyan etdiyi kimi, bitib. AB üçün də təbii.

AB Şurası Prezidentinin bu səfəri, eyni zamanda söykəndiyi ifadə tərzi qurumun Azərbaycana verdiyi önəmi bir daha dünyaya göstərdi. AB Azərbaycanı yanında görmək istəməklə bərabər özü də Azərbaycanın yanında olduğunu bütün dünyaya, özəlliklə də ölkəmizlə gizli çilingağac oynayanlara göstərmiş oldu.

AB kimi bir qurumun belə yanaşması təsadüfdürmü? Təbii ki, yox. Azərbaycanın illərdir apardığı xarici siyasət, özəlliklə də Prezident İlham Əliyevin şəxsən özünün beynəlxalq platformalarda nümayiş etdirdiyi liderlik qabiliyyətləridir bu durumun səbəbi.

Ş.Mişelin səfər boyunca sərgilədiyi davranış, qısa desək, AB-nin Azərbaycanla bağlı çox ciddi planlarının olduğundan xəbər verir. Bu dəfə AB Azərbaycanı bədxahların əlinə buraxmaq fikrində deyil.

AB Azərbaycanla Ermənistan arasındakı münasibətlərin də iki qonşu dövlət arasında mümkün olan normal müstəviyə yüksəlməsinə öz töhfəsini verməkdə qərarlıdır. Əslində, elə bunun özü də Azərbaycanın xarici siyasətinin əsas xəttidir. Azərbaycan savaş meydanında əzici üstünlüklə yendiyi Ermənistana münasibətdə ağayana davranır, onu normal tərəfdaş kimi görməyə hazır olduğunu nümayiş etdirir. Lakin Ermənistan bunu hələ də yetərincə dərk etmir. O baxımdan Azərbaycana münasibətdə hələ də güc mövqeyindən danışan Ermənistan, əslində özünü daha pis vəziyyətə qoyur. AB də bu durumu fərq etdiyindən Ermənistana və onun havadarlarına nəzakətli bir şəkildə anladır ki, artıq o havaların vaxtı keçib.

Belə bir mənzərənin ortaya çıxması, bir daha qeyd edirik, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətdə tətbiq etdiyi doğru və uzaqgörən taktikanın sonucudur.

Mission News Theme by Compete Themes.