Press "Enter" to skip to content

Türkiyə ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi

Bayraqdar.info – Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahəsində də əlaqələr daim genişlənməkdədir. Bunu Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Cahit Bağcı ilə görüşündə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bu məqsədlə ötən dövrdə imzalanmış əməkdaşlıq sənədlərini, Türkiyənin dövlət qurumları və QHT-ləri ilə daim güclənən əlaqələri qeyd edib.

Bu barədə nazirlikdən iyulun 22-də bayraqdar.info-ya məlumat verilib. Qeyd olunub ki, S.Babayev C.Bağcını yeni səfir təyinatı münasibətilə təbrik edərək ona ölkəmizdəki diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb.

S.Babayev görüşdə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan strateji tərəfdaşlıqdan bəhs edib. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm tarixi Zəfərini qeyd edib. Nazir 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyini vurğulayıb, bu dəstəyin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

S.Babayev ölkələrimiz arasında əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafına nail olunmasında iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin xüsusi rola malik olduğunu vurğulayıb. O, ölkəmizin etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsinin Azərbaycan dövlətinin xarici siyasətinin mühüm tərkib hissəsini təşkil etdiyini deyib. Nazir Azərbaycan və Türkiyənin birgə səylərinin nəticəsi olan regional layihələrin regionda sülh, təhlükəsizlik və rifaha əhəmiyyətli töhfə verməkdə olduğunu bildirib.

S.Babayev ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə səfirə məlumat verib. O, qarşıdakı dövrdə də Türkiyə ilə sosial sahədə əməkdaşlıq gündəliyinin genişləndirilməsinin daim diqqətdə saxlanıldığını vurğulayıb.

C.Bağcı bu gün Türkiyə ilə Azərbaycanın münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirib. Səfir Azərbaycanın tarixi Zəfərinin Türkiyədə də böyük fərəh, sevinc, qürur hissi doğurduğunu qeyd edib. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dost digər ölkələrin olmadığını bildirən səfir iki ölkənin sosial sahədə də əməkdaşlığının daim inkişaf etməsi üçün səylər göstərəcəyini bildirib.

Görüşdə iki ölkənin sosial sahədə əməkdaşlıq təcrübəsindən bəhs olunub və bu əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.