Press "Enter" to skip to content

Yaşlılar üçün intellektual turnir keçirilib

Son yeniləmə: 22 İyul 2021 20:47

Bayraqdar.info – İyulun 22-də yaşlılar üçün “Nə? Nə vaxt? Harada?” intellektual turniri keçirilib.

Bu barədə iyulun 22-də bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir ƏƏSMN və BMT Əhali Fondunun birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində keçirilib.

Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edib. O, Prezident İlham Əliyevin sosial siyasətində yaşlı nəslin rifah halının yaxşılaşdırılmasının, fəal və sağlam həyat tərzinin təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. A.Kərimov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin də ölkəmizdə bu sahədə aparılan işlərə dəstək olduğunu bildirib.

Nazir müavini ötən dövrdə layihə çərçivəsində yaşlı insanların rifahının təşviqi, tənhalıq və sosial təcriddən uzaq olmaları, onların fəal həyat tərzi keçirmələri üçün reallaşdırılan tədbirlərdən danışıb. “Nə? Harada? Nə vaxt?” intellektual oyununun da yaşlı insanların fəal və sağlam həyat tərzi keçirmələrinə, asudə vaxtlarının mənalı təşkilinə töhfə vermək məqsədi daşıdığı qeyd edilib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev yaşlılar arasında bu cür intellektual oyunların keçirilməsinin hərtərəfli əhəmiyyətə malik olduğunu vurğulayıb. F.Babayev yaşlı insanların intellektual bacarıqlarını inkişaf etdirmələri üçün dəstək tədbirlərinin önəmini, emosional vəziyyətlərinin yüksək səviyyədə olmasının diqqətdə saxlanılmasının vacibliyini diqqətə çatdırıb.

Turnirin qailiblərinə mükafatlar təqdim edilib.

Mission News Theme by Compete Themes.