Press "Enter" to skip to content

Daha bir qrup səfir geri çağırıldı, yeniləri təyin edildi

Prezident İlham Əliyev

Bayraqdar.info – Prezident İlham Əliyev iyulun 23-də bir sıra ölkələrdəki səfirlərin geri çağırılması və yenilərinin təyin edilməsi ilə bağlı Sərəncamlar imzalayıb.

Prezidentin Mətbuat xidmətinin yaydığı xəbərə görə, Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Qalib İsrafilov başqa bir Sərəncamla Azərbaycanın Avstriya, Sloveniya və Slovakiya respublikalarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən də geri çağırılıb.

Prezidentin digər Sərəncamı ilə Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Başqa bir Sərəncamla Rövşən Sadıqbəyli həm də Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin növbəti Sərəncamına görə, Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər bir Sərəncamla İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qaley Əliyeviç Allahverdiyev isə Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin geri çağırdığı səfirlər arasında Macarıstandakı səfir Vilayət Muxtar oğlu Quliyev də var.

Prezident Tahir Tofiq oğlu Tağızadəni Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Ona qədərsə Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Mission News Theme by Compete Themes.