Press "Enter" to skip to content

Jurnalistlərin mənzil məsələsilə bağlı yumşaq bir yazı…

Azər Həsrət

Jurnalistlər üçün tikilmiş binaya indidən nəhs gətirdilər. Çətin ki, o binadan mənzil alacaq kimsə xoş gün görə. Bina təhvil verilməmiş qarğış-nifrin göylərə yüksəlib. Arada şəhid ailələri, qazilər və jurnalistlər bu oyuna alət edilir…

Etibar Əliyev adlı bir adam var. Özü ağılda olan biriləri onu deputat eləyiblər. Gərək olanda istifadə üçündür yəqin. Elə də var. Bir neçə gün öncə bu adam çıxıb iddia etdi ki, jurnalistlər dövlətə heç bir fayda vermir, dövlət niyə onlara ev tikməlidir? Adam bu sözlərini yazanda yəqin ki, ölkə Prezidenti İlham Əliyevin illərdir Azərbaycan jurnalistlərinin milli maraqlara xidməti haqqında dediklərini qulaqardına vurub…

İndi bu Etibar bir söz dedi, biz də cavabını verdik. Örnək üçün, mən ilk gündən dedim ki, bu adamın təklifini o zaman səmimi sayardım ki, öz deputat maaşının yarısını hansısa şəhid ailəsinə bağışlamış olsun. Olubmu belə şey? Nəsə görməmişik, eşitməmişik. Elə isə bu adam hansı üzlə jurnalistlər üçün tikilən binanın təyinatını dəyişməklə bağlı təklif verir?..

İlk günlər düşündük ki, bu adam hər zamankı kimi ağlına gələni danışır. Heç düşünməzdik ki, ağlı başında olan kimsələr bu adamın dililə cəmiyyətə nəsə demək istəsin. Çünki bunun dililə danışanlar da elə bunun kimiləri olmalıdır…

Nə isə. Bəlli oldu ki, ortada böyük bir oyun var. O sel gələndə öncə çörçöp gətirər misalı, həmin “sel” də bu Etibarı qabağa veribmiş…

Dünən bir qrup şəxsin bir müraciəti yayıldı. Prezidentə çağırış edirlər ki, jurnalistlər üçün tikilmiş 3-cü binanı şəhid ailələrinə versin. Açığı, mənzil filan bir yana, ordakı adlara baxanda gözüm kəlləmə çıxdı. Onların bir qismi əvvəlki binalardan mənzil alıb rahat-rahat yaşayır. Yəni ağızları isti yerdədir. Digər qismi isə xalq arasında oliqarx kimi qəbul edilir. Donuzları əskikdir deyə bilərik. Və bu adamlar yığışıb Prezidentdən xahiş edir ki, 3-cü binanı jurnalistlərə deyil, şəhid ailələrinə ver…

İndi mən necə deməyim ki, ay təklif verənlər, hələ bir öncə özünüz sahibi olduğunuz əmlakdan şəhid ailələrinə pay verin, sonra başqalarının möhtac olduğu əmlakla bağlı təklif verərsiniz? Lap elə ilk binalardan mənzil almış şəxslərin bəzilərinin o mənzillərə heç ehtiyacı da yoxdur. Versinlər şəhid ailələrinə. Örnək üçün, həm deputat kürsüsü, həm də hər cür imtiyazlarla ödülləndirilmiş Bəxtiyar Sadıqov, Hikmət Babaoğlu o müraciətə imza atanda niyə düşünmədilər ki, ehtiyacları olmadan Prezidentin onlara hədiyyə etdiyi mənzilləri şəhid ailələrinə bağışlayıb xalqın təqdirini qazana bilərlər?..

Adamlar müraciəti gözüyumulu və həvəslə imzalayıblar. Qulu Məhərrəmli, Arif Əliyev, hətta Əflatun Amaşov da var aralarında. Niyə də, niyə? Bu adamların hamısına sual etmək istəyirəm: niyə sizin olmayan bir şeyin kiməsə hədiyyə edilməsi üçün çağırış edirsiniz? Əgər o binadan mənzil gözləntiniz vardısa və sizə çatacaq mənzillərlə bağlı çağırış etmiş olacaqdınızsa, əhsən! Amma elə deyil axı…

Siz həqiqətən də çətin durumda olan, ömrünün yarısını geridə qoysa da başını soxmağa evi olmayan jurnalistlərə Prezidentin-dövlətin lütfü sayəsində veriləcək mənzillərlə bağlı çağırış edirsiniz! Səmimisinizmi? Əsla! Necə ki, illərdir səmimi olmamısınız, indi də eləsiniz! Mahiyyətiniz heç dəyişməyib, heç!..

Hə, bir də obrazlı desək, qulağımıza bəzi məlumatları pıçıldayanlar var. Ki, bəs bu binanın jurnalistlərə verilməməsinin təşəbbüskarı Prezidentin köməkçisi Hikmət Hacıyevdir. İnanmıram buna! Heç inanmaram da!..

Səbəbi də çox sadədir…

H.Hacıyev peşəkar diplomatdır. Uzun illər dövlət qulluğunda işləyib. Təcrübəlidir. O, belə bir təşəbbüs ortaya çıxacağı təqdirdə özü bir yana, Prezidentin nüfuzuna necə zərbə olacağını çox yaxşı hesablaya bilir. O baxımdan bu işin arxasında onun olması uydurmadan başqa bir şey deyil…

Elədirsə, bəs kimdir bu işin arxasında? Təxminlərim var. Qısa desək, bu işin də arxasında Azər Həsrətin üzünə TV kanallarını qapadan adamlar dayanır! Bəli, məhz onlardır hazırda ölkədə öz istədikləri kimi at oynadan! Hətta o qədər arxayındırlar ki, Prezidenti belə saya salmır bu adamlar! İdarə edirlər bütün sahələri! Elə olmasaydı ötən ilin sentyabrında – 44 günlük Vətən savaşı öncəsi Prezidentin mənimlə bağlı verdiyi tapşırığın icrasını əngəlləməyə cürət etməzdilər! Bu adamlar Prezidentin tapşırıqlarını çəkinmədən sabotaj edəcək qədər irəli gediblər!

İndi bir suala da cavab gərək: onlar bu əməlləri törətməklə nəyə nail olmaq istəyirlər? Bu cavabla bağlı fikrim dəyişməyib: məqsədləri Prezidenti pis vəziyyətdə qoymaq, gözdən salmaqdır! Görünür, perspektiv üçün daha dəhşətli planları var!

Bu adamlar ilk gündən Prezident İlham Əliyevə sözün həqiqi mənasında sadiq olan insanları gözdən salmağa, sıxışdırmağa girişdilər. O adamların içində mən də vardım. İndi də varam. Bizə daha nə adlar qoymadılar? Trol dedilər. Əli Həsənovun adamları dedilər. Keçmişimizi qurdalayıb guya partiyamıza xəyanət etdiyimiz haqqında yalanlar tirajladılar. Hətta KİV DF-nin pullarını yediyimizi iddia etdilər! Bütün bunları etdilər ki, biz Prezidentdən üz döndərək!..

Bizsə Prezidentdən üz döndərmədik. Etiraf edirəm, bəzən incidiyim oldu ki, niyə axı ölkə başçısı onun üçün canını qoymağa hazır olan adamları belə yelə verir? Amma yenə də səbrimizi basıb mövqeyimizin sabitliyini qoruyuruq…

Biz başa düşürük ki, vəzifəyə irəli çəkilən yeni adamlar yeniliklərlə diqqət çəkmək istəyir. Olsun. Hətta bu, yaxşıdır. Amma niyə bu diqqət çəkmə əməliyyatı belə naqolay gedişlərlə, illərini Prezident İlham Əliyevə həsr etmiş adamları sıxışdırmaq, küsdürməklə müşayiət olunmalıdır?..

Olmazdımı ki, dövlət vəzifəsinə irəli çəkilənlər dövlət əxlaqı çərçivəsində davransın? Axı dövlət üçün bizimki və bizdən olmayan olmamalıdır. Yəni bir adam dövlət vəzifəsində irəli çəkilirsə, hamını, əleyhdarlarını belə qucaqlamağa ürəyi-cəsarəti olmalıdır. Bunlarda isə bu olmadı. Anlaşılır ki, heç indi də yoxdur. Öyrənə-mənimsəyə bilməyiblər…

Yadımdadır, illər öncə dövlət vəzifəsi tutan belə naşı adamlarla bağlı təklif vermişdim ki, onlara təcrübəli dövlət adamları, fəal ictimai xadimlər seminarlar keçsin. Çünki bunların əksəriyyəti keçmişində ictimai-siyasi fəaliyyəti olmayan adamlardır. Vəzifəyə gəlincə də başlarına özləri kimi naşıları yığıb ictimai narazılığa səbəb olurlar. Son nəticədə də bu narazılıq Prezidentə tuşlanır…

Şəhid ailələrinin mənzillə təmin edilməsinə gəlincə. Azərbaycan dövləti o günə qalmayıb ki, bu məsələni jurnalistlər üçün tikdiyi binanın hesabına həll etsin. Heç həll etmək də mümkün deyil. Hardasa 250 mənzildən söhbət gedir. Şəhid ailələrinin sayı isə bundan qat-qat çoxdur. Elə olan halda jurnalistlərlə şəhid ailələri arasına belə naxoş söhbət salmaq nə deməkdir?..

Yuxarıda dedik: bunların məqsədi cəmiyyətdə ajiotaj yaratmaq, ictimai narazılığı körükləndirmək, müxtəlif kateqoriyalardan olan kəsimlər arasında xoş olmayan söz-söhbətə səbəb olmaqdır. Sonra da bütün bu narazılıqları Prezidentin üzərinə yönəldəcəklər…

Amma bir məsələdə hesabı düzgün tutmayıblar: Prezident İlham Əliyev bu cür məsələlərdə onlar kimi naşı deyil. O, təbii ki, bina ilə bağlı müraciəti zibil qabına atıb dövlətin şəhid ailələri üçün mənzil tikməyə yetərincə gücünün olduğunu bu adamlara bir daha xatırladacaq. Bizim tanıdığımız, bildiyimiz, güvəndiyimiz İlham Əliyev belə adamdır…

Hələ əlavə edək ki, Qarabağ torpaqları düşmən işğalından azad olunduqdan sonra Prezident bəyan etmişdi ki, məcburi köçkünlər üçün tikilən mənzillər bundan sonra yalnız şəhid və qazi ailələrinə veriləcək. Bu isə o deməkdir ki, dövlətin bu ehtiyacı ödəməyə minlərlə mənzili var. Belə olan halda jurnalistlərin mənzillərinə göz dikmək hansı ağlın məhsuludur? Yenə də naşılıq, digər tərəfdən də Prezidentin iradəsinin sabotaj olunması…

Bu adamlar bu gedişlə “sözümüz imzamızdır” deyən Prezidenti sözünü geri götürüb özünü pis vəziyyətdə qoymağa sürükləmək istəyirlər. Amma yenə də unudurlar ki, qarşılarındakı dünyanın ən təcrübəli dövlət başçılarından olan İlham Əliyevdir…

Sözardı: Hər kəs bilir və ona görə davranır: Mən yazdıqlarımı silmirəm heç vaxt. Ona görə də birdən kimsə naşılığı üzündən bu yazımı sildirə biləcəyini düşünsə, nəzərə alsın…

Daha bir sözardı: Bir şeyi də unutmayaq. Övladını uf demədən bu Vətən üçün qurban verən ata-analar çətin ki, jurnalistlər üçün tikilmiş binadan onlara ayrılacaq mənzillərə göz diksin. Çünki onlar özlərinə aid olmayan əmlakla bağlı müraciət ünvanlayanlardan fərqli olaraq qürurlu insanlardır…

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.