Press "Enter" to skip to content

Bir neçə səfir geri çağırıldı, yeni təyinatlar oldu

Prezident İlham Əliyev

Bayraqdar.info – Prezident İlham Əliyev iyulun 26-da Azərbaycanın xarici ölkələrdəki bəzi səfirlərini geri çağırmaqla bağlı sərəncamlar imzalayıb. Eyni zamanda yeni səfir təyinatları haqqında da sərəncamlar verilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim geri çağırılaraq ABŞ-a səfir təyin edilib.

Daha bir Sərəncamla ABŞ-dakı səfir, eyni zamanda Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi Elin Süleymanov geri çağırılaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir təyin edilib.

Daha öncə İspaniyadakı səfir vəzifəsindən geri çağırılmış Anar Məhərrəmov Azərbaycanın Estoniyadakı səfiri təyin edilib.

Cavanşir Axundov Estoniyanın qonşusu olan Latviyadakı səfir vəzifəsindən geri çağırılıb. Bu ölkəyə səfir olaraq Elnur Sultanov təyinat alıb.

Digər Sərəncamla Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. O, İsveçrə Konfederasiyasında səfir təyin edilib.

Eyni zamanda Vaqif Sadıqov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılaraq Belçika Krallığında fövqəladə və səlahiyyətli səfir təyin edilib.

V.Sadıqovdan boşalan BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə vəzifəsinə Qalib İsrafilov təyinat alıb.

Bu yaxınlarda Qazaxıstandakı səfir vəzifəsindən geriş çağırılmış Rəşad Məmmədov isə qardaş Türkiyəyə səfir təyin edilib.

Qeyd edək ki, xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Mission News Theme by Compete Themes.