Press "Enter" to skip to content

İlham Məmmədov: Ermənistan xəyalpərəstlikdən əl çəkməlidir

Son yeniləmə: 26 İyul 2021 09:14

Bayraqdar.info – Azərbaycanın regionda yaratdığı yeni reallıqlar və əməkdaşlıq münasibətləri qlobal xarakter daşıyır. Bir müddət öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizə səfəri, o cümlədən Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri də bunu bir daha təsdiqləyir.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, bu səfərlər zamanı müzakirə olunan məsələlər, verilən açıqlamalar beynəlxalq aləmin diqqət mərkəzində oldu: “Bu da təsadüfi deyil. Çünki həm müzakirələrin, həm də açıqlamaların mərkəzində Azərbaycanın regional və qlobal baxımdan önəmi xüsusi olaraq qabardıldı. Bir daha aydın oldu ki, regionda əbədi sülhün və gələcək inkişafın yolu Azərbaycanın təklif etdiyi çoxtərəfli əməkdaşlıq platformasından keçir. Təbii ki, gələcəyə açıq baxışla yanaşan ölkələr, o cümlədən Avropa İttifaqı bu platformada iştirakda maraqlıdır”.

O ki qaldı Ermənistana, deputat deyib ki, bu ölkənin rəhbərliyi vaxt itirmədən ağıllı qərarlar qəbul etmək üçün özündə güc tapmalıdır: “Çünki onların alternativ yolu yoxdur. Alternativ yol yeni müharibə və Azərbaycanın daha bir dəmir yumruğuna tuş gəlməkdir. Bu gün Ermənistanda revanşist fikirlər səsləndirənlər bilməlidirlər ki, bu dəfəki dəmir yumruq onlar üçün birdəfəlik, yəni, son ola bilər. Odur ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi xəyalpərəstlikdən əl çəkib reallıqla barışmalıdır”.

“Xatırladım ki, Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı regional sülhün və təhlükəsizliyin qorunması, iqtisadi əməkdaşlıqların genişləndirilməsi kimi məsələlər müzakirə olunub. Bu onu göstərir ki, nəinki ermənipərəst mərkəzlər və onların əlaltılarının, hətta Ermənistanın özünün yaranan reallığı qəbul etməkdən başqa yolu yoxdur”, – deyə deputat sonda əlavə edib.

Mission News Theme by Compete Themes.