Press "Enter" to skip to content

3 saylı “ASAN Kommunal” mərkəzində 110 növ xidmət

Son yeniləmə: 28 İyul 2021 21:50

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı “ASAN kommunal” mərkəzinin açılış mərasimi keçirilib. İyulun 28-də keçirilən mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və bir sıra qurumların təmsilçiləri iştirak edib.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən bildirilib.

Qeyd olunub ki, “ASAN Kommunal” mərkəzləri Azərbaycan Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanı ilə yaradılıb. Məqsəd fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin etməkdir.

Qeyd edilib ki, 3 saylı “ASAN Kommunal” mərkəzi Bakı şəhərində sayca 3-cüdür. “ASAN Kommunal” mərkəzi olmayan bölgələrdə isə kommunal xidmət sahələri bütün regional “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında təşkil edilib.

Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək. Mərkəz zirzəmi ilə birlikdə 2 min 115 kv m ərazini əhatə edir.

3 saylı “ASAN Kommunal” mərkəzi üçün ayrılmış inzibati ərazidə təmir və quraşdırma işləri 2018-ci ilin avqust ayında başlanıb, 2021-ci ilin iyul ayında başa çatıb.

Mərkəzdə videomüşahidə, elektron növbə sistemləri, inzibati binada 1 lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, çiller, generator, UPS quraşdırılıb.

3 saylı “ASAN Kommunal” mərkəzində “Azəriqaz” İB, “Azərişıq” ASC və “Azərsu” ASC tərəfindən 52, ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək. Əsasən Nizami (201.800), Xətai (289.900) və Sabunçu (247.200) rayonlarında qeydiyyatda olan ümumilikdə 738 min 900 vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Mərkəzdə əməkdaşların sayı 90, könüllülərin sayı 15 nəfər nəzərdə tutulur.

Vətəndaşların istirahəti və rahatlığı üçün kafe və uşaq oyun guşəsi nəzərdə tutulub. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.

Mission News Theme by Compete Themes.