Press "Enter" to skip to content

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirib

Bayradar.info – İyulun 28-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Naxçıvan, Gəncə, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran, Xaçmaz, Şəmkir, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı və Qubada olmaqla 22 şəhər və rayonda təşkil edilib.

DİM-dən bayraqdar.info-ya bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 68 imtahan binası, 1 min 113 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 184 imtahan rəhbəri, 1 min 450 nəzarətçi–müəllim, 140 buraxılış rejimi əməkdaşı, 68 bina nümayəndəsi cəlb olunub.

İyulun 28-də keçirilən imtahanlarda ümumilikdə 14 min 426 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 9 min 421 nəfər I ixtisas qrupu, 5 min 5 nəfər isə IV ixtisas qrupu üzrə sənəd verənlərdir.

Abituriyentlərdən 13 min 423 (I qrup – 9040, IV qrup – 4383) nəfər Azərbaycan, 1 min 3 (I qrup – 381 IV qrup – 622) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 7 min 320 (I qrup – 6049 IV qrup – 1271) nəfəri oğlan, 7 min 106 (I qrup – 3 min 372, IV qrup – 3 min 734) nəfəri isə qızdır.

DİM qeyd edir ki, 12 min 507 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1 min 694 nəfər əvvəlki illərin məzunudur. 35 nəfər ali təhsil müəssisələrinin, 190 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 50 abituriyent xarici ölkə vətəndaşıdır.

İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Mission News Theme by Compete Themes.