Press "Enter" to skip to content

Sorğuda iştirak edərək “Himayədar ailə” modelinə töhfə vermək olar

Bayraqdar.info – Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar üçün “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə əlaqədar sorğu keçirilir.

Bu barədə bayraqdar.info-ya iyulun 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verrilib.

Qeyd olunub ki, “Himayədar ailə” institutu beynəlxalq təcrübədə uşaq qayğı sisteminin ən geniş yayılmış növlərindən biridir: “Bu model uşaqların dövlət müəssisələrində yaşamasının alternativ variantı kimi onların himayədar ailələrə verilməsini, ailə mühitində yaşamalarına şərait yaradılmasını nəzərdə tutur. Çünki təcrübə və araşdırmalar göstərir ki, ailə mühitində uşaqlara fərdi yanaşma tətbiq edilməklə, bu mühit ənənəvi uşaq müəssisələrindən fərqli olaraq onların inkişafına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmasına daha müsbət təsir göstərir”.

Bildirlib ki, bu model həmçinin dövlət tərəfindən uşaqların ailələrə verilməsində yeni mərhələdir. Eyni zamanda, sözü gedən model valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, onların ailə mühitində böyüməsinə şərait yaradılmasına hədəflənib.

Qeyd edək ki, ƏƏSMN tərəfindən hazırda “Himayədar ailə” qayğı modelinin tətbiqi istiqamətində institusional hazırlıq, qanunvericilik bazasının yaradılması işləri aparılır. Nazirlik tərəfindən keçirilən onlayn sorğuda məqsəd də yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması üçün ictimai rəyin öyrənilməsidir.

Hər kəs 1 sentyabr 2021-ci ilədək keçiriləcək sorğuda iştirak edərək yeni “Himayədar ailə” qayğı modelinin tətbiqinə töhfə verə bilər.

Mission News Theme by Compete Themes.