Press "Enter" to skip to content

Günümüz bu gün, mübarək olsun!

Azər Həsrət

Son yeniləmə: 1 Avqust 2021 13:11

1 Avqust Azərbaycan Dili və Əlifbası Günüdür. 2001-ci il avqustun 9-da ovaxtkı Prezident Heydər Əliyevin Fərmanıyla təsis edilib. Ona qədərsə, yəni avqustun 1-dən Azərbaycan tam olaraq latın qrafikalı əlifbaya keçmişdi.

Tarixçə: Azərbaycanda və türk dünyasında latın qrafikalı əlifbaya keçid təşəbbüsünün tarixi az qala 200 ilə yaxındır. Hələ 19-cu yüzilin ikinci yarısında dövrün böyük maarifçisi Mirzə Fətəli Axundzadə ərəb əlifbasını təkmilləşdirmək, daha sadə hala gətirərək geniş xalqın anlaması-mənimsəməsi üçün ilkin təşəbbüslər göstərmişdi. O, hazırladığı əlifba layihəsini bir tərəfdə Osmanlı, digər tərəfdə də indi İran adlanan Qacar padşahına göndərmişdi. Osmanlı məsələyə sıcaq yanaşsa da Qacarlar eyni nəzakəti göstərməmişdi. Hətta o da deyilir ki, M.F.Axundzadə növbəti mərhələdə latın qrafikalı əlifbaya keçilməsini düşünürmüş. Bundan sonra 1926-cı ildə Bakıda keçirilmiş 1-ci Türkoloji Qurultayda türk xaqlarının latın əlifbasına keçməsi qərara alınır. Bunun ardından Sovet Azərbaycanı 1929-cu ildə latın əlifbasına tam olaraq keçir. Lakin Sovetlərin “parçala, hökm sür” siyasəti bunu həzm edə bilmir və 1939-cu ildə ölkəmiz və digər türk dövlətləri kiril əlifbasına keçməli olur. Türkiyə müstəqil olduğu üçün bu prosesdən kənarda qala bilir. 1990-cı ilin 1 avqust günü müstəqillik yolundakı Azərbaycan yenidən latın əlifbasına keçmək üçün komissiya qurur. Daha sonra müstəqillik elan edilir, 1992-ci ildə ölkə qəti qərar qəbul edir. Bu qərarla mərhələli şəkildə latın əlifbasına keçmək nəzərdə tutulurdu. Lakin ölkədə yaşanan proseslər bir çox məsələlər kimi bunu da əngəlləyir. Nəhayət ki, Azərbaycanı sabitləşdirməyi bacarmış H.Əliyev 2001-ci il avqustun 1-dən tam olaraq latın əlifbasına keçidi rəsmiləşdirir. O gündən sonra bütün nəşrlər yalnız latın əlifbasındadır.

Biz də o günlərin şahidiyik. Xatirimdədir, H.Əliyevin bu qəti və cəsarətli Fərmanı bir sıra antimilli ünsürləri narahat etmişdi. Onlar fürsətdən istifadə edib təbliğat aparırdılar ki, yeni əlifbaya keçid savadsızlığa səbəb olacaq, oxuculuq azalacaq. Bizsə qəti mövqedə idik ki, Azərbaycan nəhayət ki, Sovet-rus mirası olan kiril əlifbasından qurtulub öz yolunu seçməlidir. Ona görə də H.Əliyevin bu müdrik addımı tərəfimizdən tam dəstək gördü. Əleyhdarların qarşısında məhz bizim kimi insanlar sinəmizi qabağa verdik.

Və nəticə!

Nəticə də o oldu ki, latın əlifbasına keçiddən sonra nəinki savadsızlıq olmadı, əksinə, oxuculuq artmağa başladı. Özəlliklə də gənc nəslin ədəbiyyata, elmə dönüşü baş verdi. Hətta bəzi qəzetlərin tirajı belə artdı. Anlaşılan o idi ki, ulu öndər H.Əliyev zamanı düzgün qiymətləndirmiş, Fərmanı da vaxtında vermişdi. Azərbaycan latın əlifbasına tam olaraq itkisiz keçdi, hətta bundan qazanclı çıxdı.

Bu arada əlavə edək ki, Azərbaycan sadəcə özü deyil, bütün türk dünyasının latın əlifbasına keçməsində maraqlıdır. Ümumiyyətlə isə biz ortaq türk əlifbası uğrunda çalışırıq. Məqsədimiz odur ki, bütün türk xalqları tək bir əlifbadan istifadə etsin ki, ünsiyyət imkanlarımız asanlaşsın. Bunun üçün dəyərli elm adamlarımız, aydınlarımız, onlarla bərabər şəxsən biz illərdir mücadilə veririk.

Sevindiricidir ki, ortaq olmasa da artıq Türkmənistan və Azərbaycan tam olaraq latın əlifbasına keçib. Qardaş Qazaxıstanla Özbəkistan da prosesi yekunlaşdırmaq üzrədir. Yalnız Qırğızıstan bu prosesdə hələ ki, heç bir hərəkət etmir. Ümid etmək istərdik ki, qardaş türk dövlətlərinin yardımıyla Qırğızıstan da prosesə başlayacaq.

Bir də latın əlifbasına keçidlə bağlı Rusiyanın törətdiyi süni əngəl var. Bu ölkə öz ərazisinda yaşayan bütün xalqların yalnız kiril əsaslı əlifbadan istifadəsi haqqında qanun qəbul edib. Yəni o cümlədən türk xalqları da latına keçə bilmir. Halbuki Tatarıstan və Başqırdıstan başda olmaqla Rusiyadakı türk yurdları da latına keçməyə başlamışdılar. Demək ki, prsosesi bitirmək üçün tək yol qalır: Rusiyanın istilasından qurtulmaq! Necə ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan müstəqil olub müstəqil qərarlar verə bilir, Rusiya içindəki türk dövlətləri də müstəqilləşməlidir ki, sərbəst qərarlar qəbul edə bilsinlər. O gün də olacaq! Az qalıb!

Mission News Theme by Compete Themes.