Press "Enter" to skip to content

Ermənistanın müharibə cinayətləri Meksika efirində

Son yeniləmə: 2 Avqust 2021 07:33

Bayraqdar.info – Meksikalı jurnalist Federiko La Mont işğaldan azad olunmuş ərazilərimizə səfər edib və buradakı erməni vandalizminin canlı şahidi olub. Onun Gəncə şəhərində olarkən ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovla müsahibəsi ölkənin nüfuzlu ABC radiosunda efirə edib.

Bu barədə bayraqdar.info-ya ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, müsahibədə ilk olaraq, Gəncə əhalisinin 44 günlük müharibə zamanı erməni silahlı qüvvələri tərəfindən ballistik raket hücumlarına məruz qaldığı vurğulanıb. Bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla onlarla mülki insanın həlak olduğu, 100-ə qədər vətəndaşımızınsa yaralandığı xəbər verilib.

Şuşanın Azərbaycan üçün coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyəti haqda danışan səfir, şəhərin işğaldan azad edilməsinin Azərbaycan üçün müstəsna rəmzi önəm daşıdığını söyləyib.

Sonra azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə burada mülki yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verilib. Bu ərazilərdən 30 il öncə qovulmuş məcburi köçkünlərimizim öz evlərinə qayıtmalarının təmin edilməsi üçün hazırda Azərbaycan tərəfindən aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri haqda danışılıb. Müxtəlif dini inanc və etnik mənsubiyyətə aid insanların birgə, sülh içində yaşadığı yer olan Azərbaycanın öz ərazisində erməni abidələri də daxil olmaqla bütün dini-mədəni abidələri qoruyub saxladığı qeyd edilib. Ancaq erməni tərəfinin ötən ilədək işğalda saxladığı ərazilərdə ölkəmizə aid tarixi-mədəni və dini abidələri kütləvi şəkildə vandalizmə məruz qoyduğu bildirilib.

Sonda beynəlxalq ictimaiyyətin Azərbaycanın regionda davamlı sülhün əldə olunması və bölgənin bərpası istiqamətindəki səylərini dəstəkləməli olduğu bildirilib. Həmçinin Ermənistanın qonşularına qarşı ərazi iddialarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və öz xalqını sülhə hazırlamalı olduğu deyilib.

Mission News Theme by Compete Themes.