Press "Enter" to skip to content

Türkiyə yanan meşələri üçün tək ürək oldu

Bayraqdar.info – Türkiyənin bir çox yerində ard-arda meydana gələn meşə yanğınlarından sonra 7-dən 70-ə bütün ölkə bir oldu. Belə ki, yanan meşələrin bərpası və ting ianəsi üçün səfərbərlik başlayıb.

Bu barədə bayraqdar.info-ya avqustun 2-də Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin aparıcı qurumları, qeyri-hökumət təşkilatları, şirkətlər və fərdi iştirakla artan ianə kampaniyaları yanğından zərər çəkmiş meşələrin yenidən ağaclandırılmasına dəstək verməyə davam edir.

Məlumat üçün bildirək ki, Türkiyədəki bütün meşə sahələri Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Meşəçilik Baş İdarəsi tərəfindən idarə olunur. Yanmış meşə sahələrinin bərpası da Meşəçilik Baş İdarəsinin səlahiyyətindədir. Bu torpaqlarda Kənd Təsərrüfatı və Meşə Nazirliyinin icazəsi və nəzarəti olmadan Meşəçilik Baş İdarəsindən başqa heç bir qurum və ya təşkilat ağac əkmək səlahiyyətinə malik deyil.

Bundan əlavə, meşə yanğınlarından sonra yanmış ərazilərin yenidən ağaclandırılması və ya hər hansı bir ictimai ərazinin ağaclandırılması məqsədilə edilən bütün ianələr Meşəçilik Baş İdarəsi tərəfindən bu məqsədlə açılan rəsmi hesablara köçürülür. Keçmişdən bu günə heç bir başqa qurum, təşkilat, QHT, fond və ya dərnəyin yanan meşə sahələrini öz təşəbbüsü ilə ağaclandırmaq səlahiyyəti yoxdur.

Hər bir meşə yanğınından sonra yanmış sahələr dərhal Meşəçilik Baş İdarəsi tərəfindən təmizlənir, tinglərin əkilməsi üçün uyğun yerlər hazırlanır və payız/yaz aylarında tinglər əkilir. Yanmış ərazilərin ağaclandırılması işləri ən geci 1 il ərzində tamamlanır.

İnsanların ən çox maraqlandığı suallardan biri də ting ianəsinin haraya və necə edilməsi ilə bağlıdır. Yanğından zərər çəkmiş meşə sahələrini yaşıllaşdırmaq üçün “Yaşıl Vətən” şüarı ilə davam etdirilən “Gələcəyə nəfəs” kampaniyasına Türkiyənin hər yerindən kömək gəlir.

2019 -cu ildə başladılan “Gələcəyə nəfəs” kampaniyası ilə 7-dən 70-ə hər kəs bütün əyalətləri əhatə edən ağac əkmə xəritəsinin yer aldığı saytda pulsuz ağac sahibi ola bilər və ya ianə edə bilər.

Əlavə edək ki, bu kampaniyaya Azərbaycandan da kütləvi şəkildə qatılım var. Bayraqdar.info-nun jurnalistləri də qardaş ölkənin bu nəcib təşəbbüsünə biganə qalmayaraq əkim prosesinə virtual dəstək verir.

Mission News Theme by Compete Themes.