Press "Enter" to skip to content

Nazir BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Son yeniləmə: 3 Avqust 2021 20:06

Bayraqdar.info – Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

Bu barədə bayraqdar.info-ya avqustun 3-də Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, V.Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir C.Bayramova təqdim edib.

C.Bayramov təyinatı münasibətilə yeni rezident əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir, V.Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini ifadə edib.

V.Andreyeva ölkənin BMT ilə 30 ilə yaxındır ki, mövcud olan yüksək səviyyəli əməkdaşlığının bundan sonra da davam edəcəyindən əminlik bildirib. Ölkə ilə bağlı ilkin təəssüratlarının çox yaxşı olduğunu bildirən rezident əlaqələndirici, birgə səylərin davam edəcəyini və mövcud əməkdaşlığın konkret nəticələrinin əldə olunmasına diqqətin yönəldiləcəyini qeyd edib.

V.Andreyeva ölkənin həm COVID-19 təhdidi ilə mübarizəsini, həm də münaqişə sonrası bərpa prosesini yaşadığını vurğulayıb. O, bu xüsusda Azərbaycanı dəstəkləməyə, heç kimin arxada buraxılmadığından əmin olmağa və daha yaxşı gələcək qurmağa hazırlıqlarını ifadə edib.

Nazir ölkəmizin pandemiya ilə mübarizədə rolundan, bu xüsusda dövlət başçımız tərəfindən irəli sürülən qlobal təşəbbüslərdən, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığından danışıb.

C.Bayramov həm də müstəqilliyinin ilk günlərindən ölkəmizin üzləşdiyi təcavüz və onun nəticələri, Ermənistanın davam edən hərbi təxribatları və ötən il həyata keçirilmiş cavab əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi barədə qarşı tərəfə məlumat verib.

Nazir, həmçinin BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıqdan bəhs edib. O cümlədən Azərbaycanın hərbi əməliyyatların dayandırılmasından dərhal sonra humanitar sahədə atdığı addımlardan ətraflı danışıb.

İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması, əməkdaşlığın qurulması imkanlarının yarandığı qeyd edilib. Lakin Ermənistan tərəfindən hələ də bu məsələlərdə qarşılığın verilmədiyi və beynəlxalq hüquqa zidd yanaşmanın nümayiş etdirildiyi təəssüflə vurğulanıb.

Görüşdə tərəflər, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, habelə Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əlavə edək ki, V.Andreyeva nazirlə görüş barədə özünün sosial media hesabında paylaşım edib.

Mission News Theme by Compete Themes.