Press "Enter" to skip to content

Müəllimlərin imtahanına mediatur təşkil edilib

Bayraqdar.info – Avqustun 4-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.

Bu barədə avqustun 4-də bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, mediatur Nazirliyin şöbə müdiri Eşqi Bağırov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, tanınmış ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə olub.

İmtahan zamanı ibtidai sinif müəllimliyi üzrə təşkil edilmiş təkrar imtahanın gedişatı yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə təkrar imtahanlar üçün qeydiyyat iyulun 28-30-da aparılıb və imtahanlarda yenidən iştirak üçün 4 min 91 nəfər müraciət edib. Avqustun 4-ü müəllimlərin işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsinin sonuncu günüdür. İmtahanların sonuncu günündə ibtidai sinif müəllimliyi üzrə təkrar imtahan vermək istəyən 1 min 36 namizəd iştirak edir.

Məlumat verilib ki, avqustun 3-dən Azərbaycan, alman, rus, fransız dilləri, fizika, fiziki tərbiyə, kimya, informatika, riyaziyyat, texnologiya və təsviri incəsənət fənləri üzrə imtahanlarda iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə başlanılıb. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.

Sonda mediatur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, imtahan verən namizədlərin təəssüratları öyrənilib.

Mission News Theme by Compete Themes.