Press "Enter" to skip to content

Müdafiə Nazirliyi gərəksiz paylaşımlardan rahatsızdır

Müdafiə Nazrliyi

Bayraqdar.info – Azərbaycan Müdafiə Nazirliyi avqustun 4-də sosial şəbəkələr vasitəsilə mediaya müraciət edib. Müraciətdə deyilir:

“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Nazirliyin rəsmi məlumatına istinad etmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur.

“Ümumiyyətlə, şəxsi heyətin, xüsusilə yuxarı rütbəli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər.

“Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmədən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər çalmış qalib ordu haqda bu kimi məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi ordunun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir. Belə məlumatlar əməliyyat şəraitində olan hərbi qulluqçuların həyatını təhlükə altına qoya bilər. Bu kimi hallar eyni zamanda Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların Azərbaycan ordusuna qarşı apardığı dezinformasiya və “fakenews” əməliyyatlarının asanlaşdırılmasına xidmət edir.

“Peşəkar, məsuliyyətli və vətənpərvər Azərbaycan mediasının daim və xüsusilə Vətən müharibəsi dövründə orduya göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

“Bununla belə, bəzi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Xalq-Ordu birliyinə xələl gətirə biləcək informasiya təxribatlarının və məlumatlarının tirajlamasının qarşısının alınmasında fəal olmağa və vətəndaş məsuliyyəti prinsipindən çıxış edərək orduya dəstək olmağa çağırırıq”.

Mission News Theme by Compete Themes.