Press "Enter" to skip to content

Türk Birliyinin gerçək birlik olmasına hələ var deyəsən…

Azər Həsrət

Son yeniləmə: 6 Avqust 2021 16:04

Qardaş Türkiyədə günlərdir davam edən yanğınlar fonunda Azərbaycanın davranışları nəinki o ölkədə, bütün dünyada diqqət çəkir. Çünki Türkiyədə ilk yanğınlar başlayan kimi Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin Cümhurbaşqanına müraciət etdi, bütün varlığımızla yanınızdayıq dedi. Ardından da Prezident 510 nəfərlik yangınsöndürmə heyətinin və gərəkli texnikanın Türkiyəyə göndərilməsi üçün tapşırıq verdi.

Hələ onu da əlavə edək ki, Azərbacyan dünyada yanğınsöndürmə imkanlarıyla seçilən BE-200 tipli amfibiya təyyarəsini də qardaş ölkəyə göndərdi. Yəni Azərbaycan bütün varlığıyla Türkiyə dövlətinin və xalqının yanında olduğunu göstərdi, göstərməyə də davam edir.

Elə avqustun 6-da Prezident İlham Əliyev Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla telefon danışığında da bunun xəbərini verdi. Azərbaycan bu günə kimi göndərilməsi nəzərdə tutulan 510 nəfərdən əlavə olaraq daha 200 nəfər və müvafiq texnikanı yardım üçün göndərmək qərarına gəlib. Bu isə o deməkdir ki, ümumilikdə 710 nəfərlik canlı qüvvə qardaş ölkəyə gərəkli texnika ilə birlikdə göndərilir.

Yeri gəlmişkən, mediada yayılan xəbərlər-görüntülər Azərbaycanla Türkiyənin nə qədər yaxın olduğunu göstərən əlavə sübutlardır. Sosial media, eləcə də ənənəvi media Azərbaycan yanğınsöndürən dəstələrinin Türkiyə şəhər və kəndlərində necə sevinclə qarşılandığı ilə bağlı görüntülərlə zəngindir. Hətta Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı belə doğma şəhəri Çorumdan keçən Azərbaycan yangınsöndürmə dəstələləri ilə bağlı paylaşım edərək sevincini hər kəslə bölüşüb.

Yaxud da Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında verilən dəstəkdən dolayı təqdir və şükranlarını duyğusal bir şəkildə dilə gətirib.

Hələ biz Azərbaycanlı yanğınsöndürənlərin yanan evlərdəki Türkiyə bayraqlarını xilas etməsini demirik. Bu davranış ümumiyyətlə Azərbaycan-Türkiyə qardaşlığına sözün bütün anlamlarında möhür vurur.

Göründüyü kimi, Azərbaycan dövləti də, xalqı da bütün varlığıyla Türkiyənin yanındadır. Burada təəccüblü heç nə yoxdur. Necə ki, bir zamanlar Mustafa Kemal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyev də “Biz bir millət, iki dövlətik” deyirdi, indi də insanlarımız və dövlətlərimiz eyni duyğu və düşüncəylə bir-birinə sarılır.

Türkiyə və Azərbaycan bütün mümkün platformalarda birlikdə hərəkət edir. 2020-ci ilin 44 günlük Vətən savaşı günlərində də bunu bütün dünya gördü. Azərbaycan qardaş Türkiyəni bütün varlığıyla yanında hiss elədi. Ona görə də Azərbaycanın hər tərəfində həm də Türkiyənin bayrağı başlar üzərində dalğalandı.

İndi də qardaş ölkə fəlakətlə üz-üzədir. Əlbəttə, qardaş dediyin yardıma gəlməlidir. Gəlir də. Amma yalnız Azərbaycan…

Türkiyənin Azərbaycana olduğu kimi başqa dövlətlərə də qardaş münasibəti bəslədiyini hamımız bilirik. Özəlliklə də türk dövlətlərinə. Azərbaycandan ötə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan da həmişə Türkiyəni yanlarında görüb, görməyə də davam edəcək. Belə bir durumda onların da qardaş Türkiyəyə qardaş əlini uzatması yaxşı olmazdımı?

Düzdür, Türkiyə onsuz da yanğınları söndürəcək, bu mərhələdən də üzüağ çıxacaq. Amma gərəkdir ki, digər qardaş dövlətlər də öz varlıqlarını Azərbaycan qədər olmasa da heç olmasa onun onda biri qədər göstərsinlər…

Görmürük. Daha doğrusu, gördüklərimiz yetərli deyil. Əlimizdə olan bilgilərə görə, Türkiyədəki Qazaxıstanlılar yanğından zərər çəkənlərə yardım kampaniyası aparır. Bu, yaxşıdır. Eyni zamanda Qazaxıstan Prezidenti Qazım-Jomart Toqayev Türkiyə Cümhurbaşqanına başsağlığı verib, qardaş ölkənin acısını paylaşdığını deyib.

Qırğızıstan və Özbəkistan prezidentləri də eyni qaydada həmrəylik nümayiş etdiriblər. Amma təəssüflə qeyd etmək lazımdır ki, bu həmrəylik qabarıq və real deyil. Halbuki bizim düşüncəmizə görə, necə ki, Azərbaycan yanğınsöndürənləri dəstə-dəstə Türkiyənin kənd və şəhərlərindən keçərək yanğın bölgələrinə gedir, eləcə də digər türk dövlətlərinin dəstələri birliyimizi istəməyənlərə göz dağı verə bilərdi. Amma təəssüf ki, bunu görmürük.

Əlbəttə, kimsə deyə bilər ki, məsafə uzaqdır. Olsun. Biz demirik ki, o ölkələr də bizim kimi maşınlarını göndərsinlər. Heç olmasa təyyarələrlə canlı qüvvə göndərə bilərdirlər axı. Örnək üçün, hər ölkədən bir təyyarə – 100-150 yanğınsöndürən göndərib dünyaya bir olduğumuzu göstərmək çətin deyil.

Bu yanğınlar bir daha göstərdi ki, dünya türklüyünün və qaçılmaz olan türk birliyinin məsuliyyəti yenə də Azərbaycanın üzərindədir. Dövlətimiz və onun lideri İlham Əliyev bu proseslərdə təbii şəkildə lider mövqeyindədir və belə də davam etməsini istərdik. Şübhəsiz ki, Prezident İlham Əliyev bu yoldan geri dönən deyil. O, istər bizdən qərbdəki qardaş Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyəti, istərsə də şərqdəki Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan üçün bağlantı halqası rolunu oynayır. Hər iki tərəfdə onun liderliyi və türk dünyası üçün böyük işlər görə biləcəyi qəbul edilir.

Bu arada onu da əlavə edək ki, hətta müstəqil türk dövlətlərindən kənarda belə Prezident İlham Əliyevi türk dünyasının əsas liderlərindən biri kimi görürlər. Bugünlərdə Əfqanıstandan bir sənətçi dostumuzun göndərdiyi klipdə də məhz bu məqam ayrıca vurğulanır. Dostumuz Sayed Kaber Kamal özünün yeni “Bu elin imkanı var” adlı klipində (özbəkcə) bunu ayrıca təqdim edir.

Beləliklə, bu qənaətə gəlirik ki, Azərbaycanla Türkiyənin arasındakı qardaşlıq münasibətləri digər türk dövlətləri üçün yaxşı örnək təşkil etməlidir. Eyni zamanda bundan sonrakı mərhələdə həm Azərbaycan, həm də Türkiyə türk birliyinin real birliyə çevrilməsi, məhz Azərbaycan-Türkiyə münasibətlərinin digər türk dövlətlərini də içinə alması üçün daha fəal olmalıdır. Biz hərəkət etməsək digər dövlətlərin fəallaşacağı şübhəli məsələdir. Elə adicə latın əlifbasına keçidlə bağlı gedən prosesləri müşahidə etmək yetər ki, qardaşlarımızın nə qədər astagəl olduğunu görək…

Mission News Theme by Compete Themes.