Press "Enter" to skip to content

Bayrağımız Şuşada dalğalanır, Tokioda dalğalanmasa da olar

Azər Həsrət

Etiraf edim ki, keçən ildən ertələnmiş builki Olimpiadanı – Tokio 2020-ni demək olar ki, izləmədim. Halbuki buna qədərki Olimpiadaları, özəlliklə də Azərbaycanın qatıldığı bütün yarışları maraqla izləyir, idmançılarımıza əlavə dəstək olmaq üçün sosial media üzərindən həvəsləndirici paylaşımlar edirdim. Bu dəfə isə, qeyd etdiyim kimi, elə də maraq və həvəs göstərmədim.

Səbəbsiz deyildi. 44 günlük Vətən savaşının xoş yorğunluğu, onun ardından hələ də davam edən informasiya savaşı bütün imkanlarımızı bu istiqamətə səfərbər etməyimizə səbəb olub. Yəni bizim üçün Vətən torpaqlarının azad edilməsi, eyni zamanda üzərimizə gəlməyə davam edən yalan maşınına qarşı durmaq daha vacibdir. Ən azından şəxsi düşüncəm budur.

İndi artıq Tokio 2020 sona çatır. Bir sıra ölkələrin, o cümlədən də Azərbaycanın bütün idmançıları yarışları başa vurublar. Cəmi 7 medalımız var. Onlardan üçü gümüş, 4-ü isə bürüncdür. Qızılımız yoxdur. Yəni əvvəlki Olimpiadaya qədərki yüksəliş zənciri qırılıb, ciddi şəkildə geri getmişik.

Olsun. Şəxsən mən buna o qədər də üzülmürəm. Çünki bizim bu yarışlara qədər başımız çox və daha vacib bir yarışa qarışmışdı. Millət olaraq. Yəni hamımız üçün namus məsələsi olan torpaqların azadlığı hər kəsi səfərbər etmişdi. Elə idmançıları da. Ona görə də idman zallarında məşq edəcək idmançıların belə bir qismi silaha sarılaraq Vətən uğrunda savaşa qatılmışdı. O baxımdan Tokio 2020-dən gözləntilər elə də böyük deyildi.

Hələ bununla bərabər Azərbaycanın gənclər və idman naziri də bu qarışıqlıqda dünyasını dəyişdi. Əvvəlki olimpiadalara hazırlıqda önəmli rol oynayaraq yetərincə qatqısı olan nazir Azad Rəhimov uzun sürən ağır xəstəliklə mücadilə etdi, sonra da əbədiyyətə yürüdü. Bu da dövlətin idman sahəsinə diqqətində əlavə boşluğa səbəb oldu.

Amma bir daha deyirəm, Tokio 2020-nin nəticələrinə görə nəinki üzülmürəm, hələ düşünürəm ki, idmançılarımız üst-üstə 7 medal qazanmaqla heç də zəif nəticə göstərməyiblər.

Ümumiyyətlə isə, təkcə Azərbaycan deyil, əksər dövlətlərin bu yarışlarda adlarına layiq olmayan nəticələr göstərdiyi müşahidə edilir. Örnək üçün, əhalisinin sayı Azərbaycan əhalisinin sayı ilə yaxın olan İsrail cəmi 4 medal qazana bilib: 2 qızıl, 2 bürünc.

Yaxud da əhalisinin sayına və iqtisadi imkanlarına görə dünya nəhənglərinin önündə gedən Hindistan da 1 qızıl, 2 gümüş, 4 bürünc olmaqla Azərbaycan kimi cəmi 7 medal qazanıb.

Təbii ki, bir çox ölkələrin belə zəif nəticə göstərməsi bir tərəfdən də COVID-19 pandemiyasının gətirdiyi məhdudiyyətlərlə bağlıdır. Azərbaycanın isə başı sadəcə bu mərəzə qarışmamışdı, üstəlik də Vətən savaşı bütün xalqı bir istiqamətə səfərbər etmişdi.

İndi baxırıq ki, bəzi şəxslər (qüvvələr) ortaya çıxıb “rejimin ölkə idmanını bərbad günə qoyması”nı “tənqid” edirlər. Sən demə, Tokio 2020-dəki bu zəif nəticələrimiz “rejimin yarıtmazlığı”nın nəticəsidir.

Belə yerdə deyərdim ki, məzəniz olsun. O “rejim” dediyiniz 30 ildir düşmən tapdağında olan Vətən torpaqlarını alnının ağıyla düşməndən azad edib, Şuşada belə tam gücüylə yenidənqurma və bərpa işləri gedir. Sizsə durub hansısa idman növündə göstərdiyimiz zəif nəticəyə görə “rejimi” baltalayırsınız. Sizi fürsətçilər, sizi…

Yeri gəlmişkən, müqayisədə Azərbaycanın əldə etdiyi nəticə heç də zəif sayılmamalıdır. Yuxarıda İsrail və Hindistan kimi ölkələrə aid nəticələri təqdim etdik. İndi də qardaş ölkələr – türk dövlətləri ilə müqayisəni təqdim etmək yerinə düşər.

Altı müstəqil türk dövləti arasında Azərbaycan elə də zəif nəticəyə nail olmayıb. Əgər nəzərə alsaq ki, əhali sayı baxımından ölkəmiz Türkiyə (84 mln), Özbəkistan (34 mln) və Qazaxıstandan (19 mln) sonra gəlir, nəticə lap əla da hesab edilə bilər. Azərbaycan Tokio 2020-də medal qazanmış 86 ölkə arasında 33-cü yeri tutmaqla da ciddi fərqlə irəlidə görünür.

Beləliklə, ümumi medal sayına görə türk dövlətlərinin avqustun 8-nə olan durumu:

20. Türkiyə – cəmi 13 medal (2 qızıl, 2 gümüş, 9 bürünc)
29. Qazaxıstan – 8 (0, 0, 8)
33. Azərbaycan – 7 (0, 3, 4)
41. Özbəkistan – 5 (3, 0, 2)
60. Qırğızıstan – 3 (0, 2, 1)
77. Türkmənistan – 1 (0, 1, 0)

Avropanın göbəyindəki Atilla yurdu, Türk Keneşinin müşahidəçi üzvü Macarıstan da bizi sevindirəcək rəqəmlərə sahibdir:

13. Macarıstan – 20 (6, 7, 7)

Demək istədiyimiz odur ki, Tokio 2020 məlum səbəblərdən Azərbaycan üçün nisbətən zəif nəticələrlə bitibsə, bunun əsası var. O səbəblər, bir daha deyirik, bir tərəfdən bütün dünyanın başına bəla olmuş COVID-19, digər tərəfdən isə bizim üçün illərin həsrətinə son qoymuş 44 günlük Vətən savaşıdır. Əgər sorğu keçirilsə xalqımızın tamamı Tokio 2020-də heç bir medal qazanmamağa belə razı olaraq Vətən torpaqlarını azad edən iradəyə – dəmir yumruq sahibi, Müzəffər Ali Baş Komandan İlham Əliyevə əhsən deyəcək. Zatən deyirlər də. Çünki hər bir fərdimiz üçün Azərbaycan bayrağının Tokioda deyil, Şuşada dalğalanmaqda olması daha vacibdir. O baxımdan “rejimi” tənqid etmək üçün başqa bəhanə tapmalı olacaq məlum cığallar.

Sözümüzün canı odur ki, Azərbaycan bayrağının Şuşada dalğalanması fonunda Tokioda dalğalanmaması heç də ağır dərd deyil. Çünki o bayrağın Tokioda dalğalanması müvəqqəti həzdirsə, Şuşada dalğalanması əbədi ləyaqət məsələsidir. Biz sonuncunu bizə bəxş edənin yanındayıq.

Mission News Theme by Compete Themes.