Press "Enter" to skip to content

İlham Əliyev “Abşeron” yarımstansiyasının açılışında iştirak edib

Bayraqdar.info – Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, avqustun 9-da Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib.

Məlumatda bildirilir ki, yarımstansiyada 40 ilə yaxın müddətdə istismarda olan avadanlıqlar köhnəldiyindən, yeni tələblərə cavab vermədiyindən və bütün bunlarla yanaşı tələbat dəfələrlə artdığından istismarda ciddi problemlər yaranırdı. Məhz buna görə, Prezident İ.Əliyevin tapşırığına uyğun olaraq ölkənin ən böyük yarımstansiyası olan “Abşeron” əsaslı şəkildə yenidən qurulub.

““Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına bu yarımstansiyanın bütövlükdə Bakı və Abşeron Yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz etdiyini bildirib.

“Yenidənqurma işləri çərçivəsində köhnə idarəetmə binası əsaslı təmir edilib. Məhz burada ilk dəfə 22 nömrədən ibarət mühəndis-yataqxana korpusu inşa olunub, işçilərin istirahəti, idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün hərtərəfli şərait yaradılıb.

“Yarımstansiyanın 500 və 330 kv-luq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənib, ərazi genişləndirilib, yeni 220 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Həmçinin İdarəetmə Mərkəzi tikilib və müasir qurğularla təchiz olunub. “Azərenerji”nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Beləliklə, yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb”, – deyə məlumatda bildirilir.

Daha sonra Prezident İ.Əliyev yarımstansiyanı işə salıb.

Məlumatda o da qeyd edilir ki, bu yarımstansiya Azərbaycanın 4 ən böyük istilik elektrik yarımstansiyası – “Azərbaycan”, “Sumqayıt”, “Şimal” və “Cənub”, həmçinin Mingəçevir SES, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilib. Beləliklə, bu yarımstansiya bu qədər böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.

O da bildirilir ki, qarşıda duran layihələrdən biri də Rusiya ilə mövcud Yaşma-Dərbənd xəttinə paralel olaraq yeni 330 kilovoltluq Dərbənd-Abşeron xəttinin tikintisidir. Bununla əlaqədar yarımstansiyada genişləndirmə işləri aparılıb.

Mission News Theme by Compete Themes.