Press "Enter" to skip to content

İsmayıllıda üzümçü fermerlər üçün tarla seminarı keçirilib

Son yeniləmə: 9 Avqust 2021 13:46

Bayraqdar.info – “İsmayıllı rayonunda “Üzümçülükdə yay mövsümündə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır” mövzusunda tarla seminarı keçirilib.

“Kənd Təsərrüfatı Nazirliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi üzümçülükdə aqrotexnoloji tədbirlərin qaydalarını fermerlərin diqqətinə çatdırmaq olub.”

Bu sözlər Kənd Təsərrüfatı Nazirliyindən avqustun 9-da bayraqdar.info-ya verilən xəbərdəndir.

Xəbərdə bldirilir ki, İnstitutun mütəxəssisləri üzümlüklərdə bioloji məhsuldarlığın təyini və yığım üçün lazımi tədbirlərin görülməsi, boz çürümə, oidium, antraknoz, salxım yarpaqbükəni, tor gənəciyi, mildiu və d. xəstəliklər haqda fermerlərə məlumat veriblər.

“Zərərvericilərə qarşı preventiv əməliyyatların aparılması, gilələri tam iriliyə çatan və 0,5-1 faiz şəkər toplamış texniki üzüm sortlarının qeyri-standart salxımlarının seyrəldilərək dərilməsi, ən tez yetişən üzüm sortlarının (Kardinal, Prima, Viktoriya, Blackmagic, ağ kişmişi, attika və s.) yığım üçün yoxlanılması barədə də fermerlərlə söhbətlər aparılıb.

“Daha sonra üzümlərdə zoğların uclarının vurulması, biclərin qoparılması, məhsulun ağırlığından sallanan zoğların bağlanılması, yarpaqların qismən qoparılması, dəmyə şəraitində becərilən üzümlüklərdə 10-12 sm dərinlikdə kultivasiya aparılmasından danışılıb.

“Təlim zamanı tarla refraktometri, xüsusi qayçı və bıçaqlar, ucvurma bağ qayçısı, bağlama üçün ip, “tənəkarası becərən hidravlik frez” və digər çap materiallarından istifadə edilib və bəzi əməliyyatlar praktiki olaraq həyata keçirilib”, – deyə Nazirliyin xəbərində bildirilir.

Nazirlik qeyd edir ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilir. Təlimlər Salyan, Şamaxı və İsmayıllı DAİM-lərinin üzümçülük sahəsində potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.

Mission News Theme by Compete Themes.