Press "Enter" to skip to content

Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı yeni rəhbərini qəbul edib

Bayraqdar.info – Avqustun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi qəbul edib. A.Haykens təyinatı ilə bağlı məktubun surətini nazir C.Bayramova təqdim edib.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Nazir təyinatı münasibətilə yeni rəhbəri təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən UNICEF ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. C.Bayramov, həmçinin yeni rəhbərin təcrübəsinin Azərbaycan və UNICEF arasında mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib.

A.Haykens öz növbəsində qəbula görə nazirə təşəkkürünü ifadə edib və Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycan və UNICEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu deyib. Eyni zamanda, Nümayəndəliyin rəhbəri hər bir uşağın keyfiyyətli təhsilə çıxışının olmasının əhəmiyyətini qeyd edərək, qlobal COVID-19 pandemiyası dövründə UNICEF tərəfindən bu xüsusda görülən işlərdən geniş bəhs edib.

Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticələrindən danışıb. C.Bayramov, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından bəhs edib. Nazir işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Mission News Theme by Compete Themes.