Press "Enter" to skip to content

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına bürünəcək

Bayraqdar.info – Məlum olduğu kimi Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının ilk günündən qardaş ölkənin yanındadır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri və müvafiq texnikaları artıq neçə gündür ki, yanğınlara qarşı mübarizəyə qoşulublar.

Yanğınların böyük qismi söndürülüb və bu məsələdə Azərbaycan yanğınsöndürənlərinin qəhrəmanlığı qardaş ölkənin mətbuatında da əsas müzakirə mövzusudur.

Onu da qeyd edək ki, qardaş ölkəyə mənəvi dəstəyimiz də davam edir. Belə ki, meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Bakıdakı Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı videoproyeksiya olunacaq.

Bu barədə bayraqdar.info-ya avqustun 10-da Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak edəcək. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvləriylə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün sabah saat 19.30-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaqlar.

Mission News Theme by Compete Themes.