Press "Enter" to skip to content

Türkiyənin ölkəmizdəki səfiri 4 saylı DOST Mərkəzində

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılıb. Bu barədə nazir müavini Anar Kərimov avqustun 10-da 4 saylı DOST Mərkəzində olan Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı ilə görüşündə bildirib.

Nazir müavini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaratdığını vurğulayıb.

ƏƏSMN-dən bayraqdar.info-ya bildirilib ki, səfirə DOST konsepsiyası barədə məlumat verən A.Kərimov diqqətə çatdırıb ki, indiyədək Bakı şəhəri və Abşeron rayonu üzrə artıq 5 DOST Mərkəzi yaradılıb. O, 2019-2025-ci illər üzrə Bakıda və ölkəmizin regionlarında 17 DOST mərkəzi və 47 DOST filialının açılmasının nəzərdə tutulduğunu deyib.

DOST Agentliyinin sədri Fərid Məmmədov səfiri paytaxtın 4 saylı DOST Mərkəzinin fəaliyyəti, buradakı xidmət bölmələri, əhaliyə xidmətlərin göstərilməsi prosesi ilə tanış edib. Bildirilib ki, 4 saylı DOST Mərkəzi Binəqədi və Nərimanov rayonları üzrə xidmət göstərir. Burada əmək, məşğulluq, sosial müdafiə, əlillik, pensiya, sosial sığorta, reabilitasiya, sosial müavinət və təqaüd, sosial xidmətlər və s. sahələr üzrə 152 növdə xidmətin göstərildiyi vurğulanıb.

DOST Agentliyinin yaradılmasının ötən gün artıq 3 ilinin tamam olduğu deyilib. Bu vaxta kimi 472 minədək vətəndaşa DOST xidmətləri göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 97,5 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

C.Bağcı mərkəzdəki İnklüziv İncəsənət Məktəbi, burada əlilliyi olan şəxslərin hazırladıqları əl işləri ilə də tanış olub. 142 çağrı mərkəzinin fəaliyyəti ilə tanış olan səfirə “Könüllü DOST” proqramı barədə də məlumat verilib. İndiyə qədər 940 nəfərin bu proqramın məzunu olduğu, onlardan 99-nun DOST Agentliyi və DOST mərkəzlərində işlə təmin edildiyi, hazırda həmin mərkəzlərdə 186 könüllünün fəaliyyət göstərdiyi qeyd edilib.

DOST mərkəzlərinin elektron sistemləri, hazırlanan virtual DOST aplikasiyası, e-sistemlər üzərindən həyata keçirilən proaktiv təyinat mexanizmləri barədə də məlumat verilib.

C.Bağcı mərkəzdə vətəndaşlara müasir əsaslarla, şəffaf və operativ şəkildə, vətəndaş rahatlığı prinsipi ilə göstərilən xidmətlərlə bağlı xoş təəssüratlarını ifadə edib. Səfir DOST layihəsinin uğurlu bir yenilik, innovativ təcrübə olduğunu bildirib.

Əlavə edək ki, Türkiyənin Bakıdakı səfirliyi sosial mediada səfirin DOST Mərkəzini ziyarəti ilə bağlı paylaşım edib.

Redaktə və əlavə: Azər Həsrət

Mission News Theme by Compete Themes.