Press "Enter" to skip to content

Azərbaycana 92 min 500 Türkiyə vətəndaşı səfər edib

Bayraqdar.info – Avqustun 12-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı arasında görüş olub. Görüşdə Azərbaycanla Türkiyə arasında turizmin inkişafı, turist səfərlərinin artırılması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Dövlət Turizm Agentliyindən bayraqdar.info-ya bildirilib ki, görüşdə F.Nağıyev pandemiyadan öncə Azərbaycana səfər edən əcnəbilər arasında Türkiyə vətəndaşlarının ilk sıralarda yer aldığını deyib. O, cari ilin 10 iyun tarixindən etibarən Türkiyə vətəndaşları üçün hava sərhədinin açıq elan ediməsinin yenidən səfər sayının artımına müsbət təsir etdiyini bildirib. Agentlik sədri 2021-ci ilin yanvar – iyul aylarında Azərbaycana 92 min 500 Türkiyə vətəndaşının səfər etdiyini qeyd edib.

F.Nağıyev Türkiyə səfirinə hazırda pandemiya şəraitinə uyğun olaraq iki ölkə arasında həyata keçirilən uçuşlar haqda məlumat verib. Həmçinin, cari ildə Dövlət Turizm Agentliyinin, eləcə də turizm sənayesi nümayəndələrinin, turizm təşkilatlarının Türkiyədə keçirilən bir sıra tədbirlərdə iştirak etdiyi bildirilib.

Sədr turizm əlaqələrinin genişləndirilməsi üçün b2b formatlı görüşlər keçirildiyini diqqətə çatdırıb.
Agentlik sədri ölkə turizminin üzləşdiyi çətinliklərə baxmayaraq yenidən bərpa prosesinə başladığını, hələlik əsasən daxili turizimin inkişafında müsbət artımın olduğunu bildirib.

Görüş zamanı F.Nağıyev türkiyəli turistləri Azərbaycanı yenidən kəşf etməyə, ölkənin regionlarına səfər etməyə çağırıb.

Səfir Cahit Bağcı uzun illər Azərbaycanlı turistlərin istirahət üçün üz tutduğu ölkələr sırasında Türkiyənin ilk yerlərdə olmasından məmnunluq hiss etdiyini deyib.

Diplomat təkcə siyasi arenada deyil, turizm sahəsində də əməkdaşlıq əlaqələrininin daha da genişləndirilməsinə ehtiyac olduğunu bildirib.

Səfir qarşılıqlı səfərlərin artacağna, qardaşlıq və dostluq əlaqələrinin daha da inkişaf edəcəyinə inandığını deyib.

Görüş zamanı pandemiyadan sonrakı dövrdə turizmin bərpası istiqamətində planlaşdırılan işlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.