Press "Enter" to skip to content

Mənzil növbəsinə qeydiyyat prosesi elektronlaşdırılıb

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin yeni e-xidməti istifadəyə verilib. Məqsəd şəhid ailələri və müharibə əlillərinin mənzil növbəliliyi barədə məlumatların rayon (şəhər) icra hakimiyyətləri tərəfindən Agentliyə elektron formada təqdim edilməsidir.

Bu barədə bayraqdar.info-ya avqustun 12-də ƏƏSMN-dən məlumat verlib.

Bildirilib ki, bu xidmət vasitəsilə həmin vətəndaşların mənzil növbəsinə qeydiyyatı prosesi artıq elektronlaşıb: “Rayon (şəhər) icra hakimiyyətlərinin əməkdaşları qeyd olunan vətəndaşların mənzil növbəsinə götürülməsi üçün tələb olunan məlumatları və sənədləri yerindəcə həmin e-xidmət üzərindən sistemə daxil edərək doğruluğunu təsdiq edəcəklər. Bununla elektron qaydada növbəyə alınma prosesi bitməklə həmin məlumatlar əsasında Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təminat prosesinin həyata keçirilməsi üçün müvafiq işlər aparılacaq. Mənzil növbəsinə qeydiyyatın elektronlaşdırılması bu sahədə müasir və şəffaf iş prinsiplərinin, operativliyin təminatına xidmət edəcək”.

Vurğulanıb ki, həmin e-xidmət üzərindən növbəti mərhələdə mənzillə təmin edilən imtiyazlı şəxslər barədə də məlumatlar daxil ediləcək.

Yeni e-xidmət, ondan istifadə prosedurları barədə Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən rayon və şəhər icra hakimiyyətlərinin müvafiq əməkdaşları üçün təlimlər də keçirilir.

E-xidmət ƏƏSMN, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya bazasına inteqrasiya olunub. Gələcəkdə sistemin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya bazası ilə də inteqrasiya olunması da nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.