Press "Enter" to skip to content

6 milli-mədəni fəal Təbriz həbsxanasına köçürülüb

Son yeniləmə: 13 Avqust 2021 09:01

Bayraqdar.info – 24 iyul (2 mordad) aksiyasında saxlanılan daha 6 milli-mədəni fəal avqustun 11-i gecə saatlarında ETTELAAT təcridxanasından Təbriz həbsxanasına köçürülüb. Bu barədə onlar ailələri ilə telefon əlaqəsi zamanı məlumat veriblər.

Nadir Sadiqiyan, Yusif Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri, Şahin Bərzgər və Əmir Səttari 24 iyul tarixində ətraf mühit və məişət problemləri ilə bağlı Təbrizdə keçirilən aksiya ilə bağlı saxlanılıblar.

Avqustun 9-da isə Rza Şəhrivər və Məhəmməd Kazımi təhlükəsizlik idarəsinin təcridxanasından Təbriz həbsxanasının karantin bölməsinə köçürülüb.

Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə əl-Əhvaz (Xuzistan) etirazçılarına dəstək, Güney Azərbaycan bölgələrində mövcud olan ətraf mühit və məişət problemlərinə etiraz məqsədilə aksiya keçirilib.

Nəticədə müxtəlif şəhərlərdə çox sayda milli-mədəni fəal həbs olunub. Onlardan bəziləri Təbriz həbsxanasına köçürülüb və bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılsa da həbsdə olanların bir çoxunun barəsində məlumat əldə etmək mümkün deyil.

Təbriz həbsxanasında olan bəzi fəalların verdiyi məlumata görə, 24 iyul aksiyalardan öncə, aksiya günü və ondan sonrakı günlərdə həbs olunanların sayı 150 nəfər civarındadır.

Təhlükəsizlik idarəsi saxlanılan fəalların ailələrinə xəbərdarlıq edib ki, onların həbsi barədə ictimaiyyətə və medaiya məlumat verilməsin.

Ona görə də bir çox fəalların yaxınları onlar barəsində bilgi verməkdən çəkinir, onların azadlığa buraxılacağına ümid edirlər.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.