Press "Enter" to skip to content

“ABAD”ın səsi Qazaxıstandan gəlir

Bayraqdar.info – “ABAD” publik hüquqi şəxs tərəfindən dəstək alan sahibkarların istehsal etdiyi təbii qida məhsulları Qazaxıstana ixrac edilməyə başlayıb. Məhsullar Turan Özbahçeci Group layihəsi olan “IMEX Trading” şirkətinin vasitəçiliyi ilə ixrac edilir.

Bu barədə bayraqdar.info-ya avqustun 13-də “ABAD”dan məlumat verilib.

Bildirilib ki, öncə məhsullar Qazaxıstanın Aktau şəhərində Grandmart supermarketlər şəbəkəsinin cari ilin aprel ayında açılmış filialında təqdim olunmağa başlayıb. Aktauda fəaliyyət göstərən yeni filialda “ABAD”dan dəstək alan sahibkarların hazırladığı müxtəlif mürrəbbələr – badımcan, qarpız, heyva, qoz, zoğal və s. təqdim olunur.

Ümumilikdə 6 “ABAD”çı ailə təsərrüfatının məhsulları Qazaxıstanda alıcılara təqdim edilir. Yaxın zamanda digər “ABAD”çı-sahibkarların da məhsullarının ixracı gözlənilir.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “İdeyadan rəflərə”dək şüarı ilə verilən dəstək əsnasında “ABAD”çı məhsulları müvafiq olaraq “ABAD” etno-butikləri və müxtəlif market şəbəkələrində yerləşən “ABAD” stendlərində satışa çıxarılır.

Mission News Theme by Compete Themes.