Press "Enter" to skip to content

ABŞ Prezidenti Əfqanıstana dair bəyanatla çıxış edib

Cozef Bayden

Bayraqdar.info – ABŞ Prezidenti Co Bayden avqustun 14-də Əfqanıstandakı durumla bağlı bəyanatla çıxış edib.

Ağ Evin yaydığı bəyanatda ABŞ Prezidenti Taliban təhdidi altında olan Əfqanıstandakı duruma dövlətinin münasibətini bildirir.

Bəyanatda qeyd edilir ki, ABŞ Prezidenti son bir neçə gün ərzində özünün milli təhlükəsizlik heyəti ilə məsləhətləşmələr apararaq Əfqanıstandakı hərbi missiyanı başa çatdırarkən öz maraqlarını necə qoruyacaqlarına dair göstərişlər verib.

İlk olaraq diplomatik, hərbi və kəşfiyyat heyətlərinin tövsiyələrinə uyğun olaraq 5 min nəfərə qədər hərbçinin Əfqanıstanda görəvləndirilməsi qərara alınıb. Onlar ABŞ vətəndaşlarının, həmçinin onlara yaxın olan şəxslərin ölkədən təhlükəsiz çıxarılmasına yardımçı olacaq. Çıxarılacaq şəxslər arasında Talibana qarşı ABŞ-la işbirliyi edən Əfqanıstan vətəndaşları da var.

C.Bayden daha sonra bəyan edib ki, silahlı qüvvələr və xüsusi xidmətə tapşırıq verib ki, Əfqanıstandan sonrakı mərhələdə gələcək terror təhdidlərinə qarşı tədbirlər alınsın.

ABŞ Prezidenti Dövlət Katibinə Əfqanıstan Prezidenti Əşrəf Qəni və digər siyasi liderlərin qan tökülməsini əngəlləmək cəhdlərinə dəstək verməyi də tapşırıb.

Dördüncü olaraq Prezident C.Bayden Taliban rəhbərliyinə ABŞ-ın xəbərdarlığını çatdırıb ki, əgər onlar Əfqanıstanda Amerikalılara problem yaratsa sərt hərbi müdaxilə ilə qarşılaşmalı olacaqlar.

ABŞ Prezidenti onu da bəyan edib ki, ölkəsi minlərlə Əfqanıstan vətəndaşını da ölkədən təxliyə etmək fikrindədir. Bunlar əsasən ABŞ-a Əfqanıstan hərəkatında yaxından yardım etmiş şəxslərdir.

Daha sonra C.Bayden ölkəsinin Əfqanıstana əsgər göndərməsinin tarixçəsinə toxunur. O, qeyd edir ki, əsas məqsəd 11 sentyabr 2001-ci il terroruna cavabdeh olan əl-Qaidə lideri Osama bin Ladenin ləğv edilməsi idi. Bu məqsədə çatdıqlarını qeyd edən Prezident daha sonra əlavə edir ki, ölkəsi Əfqanıstan hərəkatına 1 trilyon dollara yaxın pul xərcləyib.

“Biz 300 min əfqan əsgər və polisinə təlim keçdik ki, ölkələrini qorusunlar. Onları təchiz etdik. Hətta hava qüvvələrini də təchiz etdik. Daha bir, yaxud da beş il keçsə də ABŞ-ın hərbi iştirakı nəyisə dəyişə bilməyəcək. Çünki Əfqanıstan hərbiçilərinin öz ölkələrini ayaqda tuta bilməsi və ya bunu istəməsi olmadan məqsədə çatmaq mümkün deyil. Amerikanın başqa bir ölkədəki vətəndaş münaqişəsinin ortasında əbədi qalması mənim üçün məqbul deyil”, – deyə ABŞ Prezidenti bəyan edib.

C.Bayden əlavə edib ki, onun vəzifə başına gəlməsilə artıq 4 ABŞ Prezidenti Əfqanıstan hərəkatına enerji xərcləmiş olur: iki Respublikaçı və iki Demokrat.

“Mən bunun beşinci prezidentə keçməsinə imkan verə bilmərəm və verməyəcəyəm”, – deyə C.Bayden bəyanatını bitirib.

Mission News Theme by Compete Themes.