Press "Enter" to skip to content

Şəhid ailələri və qazilərin evlə təminatına mühüm dəstək

Bayraqdar.info – Prezident İlham Əliyevin çağırışına uyğun olaraq ölkəmizdə özəl sektorun sosial məsuliyyət, həmrəylik prinsipinə əsaslanan fəaliyyəti son illərdə xeyli güclənib. Sosial məsələlərin həllində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində yaxından iştirak edən şirkətlərin sırası getdikcə genişlənir.

Bu barədə bayraqdar.info-ya avqustun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onların sırasında “Paşa Holdinq” və Kapital Bank bu sahədə aparılan işlərə dəyərli töhfələrini verirlər. 2019-2020-ci illərdə “Paşa Holdinq” tərəfindən ölkəmizin müxtəlif bölgələrində həssas əhali qruplarından olan şəxslərə məxsus 19 fərdi ev təmir edilib. Bu müddətdə şirkət Bakının Zabrat qəsəbəsində 4, bölgələrdə 34 fərdi ev inşa etdirərək Milli Qəhrəman və şəhid ailələrinə, qazilərə, digər həssas qruplardan olan şəxslərə təqdim edib. Həmçinin paytaxtın Əhmədli qəsəbəsində həssas qruplardan olan 10 ailənin mənzillərlə təminatını həyata keçirib.

Bu il də “Paşa Holdinq”in sosial sahəyə dəstək işləri davam etdirilir. Cari ildə şirkət tərəfindən ölkəmizin bölgələrində şəhid ailələri və müharibə əlilləri, digər həssas qruplar üçün 30 fərdi evin inşa etdirilməsi, 15 ailənin mənzillərlə təmin olunması nəzərdə tutulub: “Özəl sektorun sosial məsuliyyət çərçivəsində həssas qruplara dəstəyinin ən uğurlu nümunələrindən biri də Kapital Bank tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binasının inşa etdirilməsidir. Bununla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri üçün məhz özəl sektor tərəfindən ilk dəfə olaraq çoxmənzilli yaşayış binası inşa etdirilmiş oldu”.

Bildirilib ki, 4 mərtəbəli, 3 bloklu binada müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı mənzillərin tikintisi 2020-ci ilin iyulunda yekunlaşıb. Bu mənzillər həm Şirvan şəhərində, həm ətraf rayonlarda yaşayan müvafiq kateqoriyalardan olan vətəndaşların istfadəsinə təqdim edilib. Beləliklə, son iki ildə – 2019-2020-ci illərdə “Paşa Holdinq” və Kapital Bankın dəstəyi ilə qeyd edilən kateqoriyalardan olanlara 116 mənzil və fərdi ev verilib, 19 fərdi ev təmir edilib.

Mission News Theme by Compete Themes.