Press "Enter" to skip to content

Rəssam bacıların maraqlı təşəbbüsləri davam edir

Bayraqdar.info – Artıq 5 ildir ki, reallaşdırılan “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində növbəti görüşlər olub.

Bu barədə bayraqdar.info-ya rəssam Aygün İsgəndərova məlumat verib.

Bildirilib ki, “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində bu dəfəki tədbirlər Ağcabədi rayonunda reallaşdırılıb. Ağcəbədi “Asan xidmət” Mərkəzində keçirilən ilk görüşdə Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bu təşəbbüsün bölgələrin tanıdılması adına çox təqdirəlayiq bir addım olduğunu deyib. İcra başçısı layihə iştirakçılarını rayonun qədim, tarixi yerlərini, eyni zamanda, müasir inkişafını, təbiətini, mədəni irsini yaxından tanımağa dəvət edib.

İştirakçılar daha sonra rayonun qədim tarixə malik olan Boyat kəndində yerləşən Məhəmməd Füzuli adına kənd kitabxanasında olublar. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbas kitabxanaya üzərində Məhəmməd Füzulinin rəsmi olan qədim xalça və 100 ədəd kitab hədiyyə edib.

Növbəti dayanacaq Qarabağ Atçılıq Kompleksi olub. Kompleksin əməkdaşları iştirakçıları füsunkar Qarabağ cins atları ilə tanış edib, kompleksin fəaliyyəti haqqında ətraflı məlumat veriblər. İştirakçıların son dayanacağı Ağgöl Milli Parkı olub. Gözəlliyi ilə göz oxşayan Ağgöl Milli Parkından ilhamlanan rəssamlar və fotoqraflar bir-birindən gözəl rəsm əsərləri, fotolar ərsəyə gətiriblər.

Sonda iştirakçılar diplom və “Xarıbülbül” döş nişanı ilə təltif olunublar. Həmçinin, əslən Ağcəbədi rayonundan olan Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Tariyel Salmanovun portreti ailəsinə xatirə olaraq hədiyyə olunub.

Beləliklə layihə iştirakçıları Ağcabədi rayonunun tarixi, təbiəti, mədəniyyəti, milli-mənəvi dəyərləri, özünəməxsus ləziz mətbəxi ilə tanış olublar.

Qeyd edək ki, qonaqlar arasında KKTC Bakı təmsilçiliyinin təhsil və mədəniyyət müşaviri, dünyaca tanınmış fotoqraf Tevfik Ulual da olub.

Bildirək ki, “Vətənpərvərlik etüdləri” adlı layihənin əsas məqsədi bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.

Layihə və etüd rəhbərləri Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalardır.

Mission News Theme by Compete Themes.