Press "Enter" to skip to content

Əlilliyin qiymətləndirilməsi sistemində yeni meyarlar

Son yeniləmə: 18 Avqust 2021 15:13

Bayraqdar.info – Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan sosial islahatlar davam edir. Bu islahatların əsas istiqamətlərindən biri də əlillik sahəsini əhatə etməklə, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə, həmin sistemin mütərəqqi dünya təcrübəsi əsasında qurulmasına yönəlib.

Dövlət başçısı tərəfindən yeni təsdiq edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun da bu məqsədi özündə ehtiva edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə bunu Nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Bildirilib ki, avqustun 18-də ƏƏSMN-də keçirilən brifinqdə S.Qocayev Qanunda edilmiş dəyişikliklərlə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, dəyişikliklər əlilliyin müəyyən edilməsi sahəsində ölkəmizdə ilk dəfə olaraq yeni konseptual yanaşmanı özündə ehtiva edir. Bu yanaşma əlilliyin qiymətləndirilməsinin ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə olmaqla yeni meyarlarla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilməsini nəzərdə tutur.

Qeyd olunan dəyişikliklərlə bağlı dövlət başçısı həmçinin bir sıra qanun və məcəllələrdə edilmiş dəyişiklikəri də təsdiq edib: “Qanunvericilikdə “əlilliyinin səbəbi, dərəcəsi” sözləri “orqanizmin funksiyalarının pozulması faizi, səbəbi” sözləri ilə, “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib”.

Qeyd edilən dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Artıq orqanizmin funksiyalarının itirilməsi faizi əsasında əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla əlilliyin qiymətləndirilməsi aparılacaq.

Həmçinin qanunvericilikdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri ilə əvəzlənir. Eyni zamanda, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məktəbəqədər yaşda olan uşaqların təlim və tərbiyəsinin Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla həyata keçirilməsi də nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.