Press "Enter" to skip to content

Ankarada Türkmənistan mədəniyyəti, incəsənəti və foto sərgisi

Bayraqdar.info – Ankaradakı Milli Kitabxanada “Türkmənistan mədəniyyəti, incəsənəti və foto sərgisi” açılıb.

Bu barədə məlumatı avqustun 19-da Türk Keneşi yayıb. Bildirilib ki, sərgi Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə keçirilir.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam açılış nitqində türklərin vətəninin Orta Asiya olduğunu vurğulayıb. O, Türkmənistanın digər türk xalqları ilə ortaq və böyük bir ailənin parçası olduğunu qeyd edib.

Tədbirin əhəmiyyətini vurğulayan S.Çam, “Atalarımızdan miras qalan mənəvi dəyərlərin nəsillər boyu yaşadılmasını istəyirik. Türk xalqları olaraq birlik və bərabərlik içində yaşamaq üçün birlikdə çalışmağa davam edəcəyik” deyib.

Türkmənistanın Ankaradakı səfiri İsankuli Amanliyev çıxışında mədəniyyətin və incəsənətin ölkəsinin xarici siyasətində əhəmiyyətli bir yerə sahib olduğunu bildirib: “İnkişaf prosesimizdə əhəmiyyətli bir faktor olan mədəni məsələlər yeni dövrün tələblərinə cavab verərkən Türkmənistanın demokratik və sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli bir potensial təqdim edir”.

Türk Keneşi Baş katibinin müavini Sultanbek Rayev Keneşə üzv dövlətlər arasında Türkmənistanın olmasının türk dövlətləri arasında əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edəcəyini bildirib.

S.Rayev, Türkmənistanın inkişafının bütün türk dövlətlərini qürurlandırdığını, Türk Keneşinin Türkmənistanla sıx əməkdaşlıq etdiyini və ortaq dəyərlərin qorunmasında eyni həssaslığa sahib olduqlarını vurğulayıb.

Çıxışlardan sonra Türkmənistandan fotoşəkillərin, türkmən rəssamlarının tablo və əsərlərinin, türkmən mədəniyyətinə aid geyim və əşyaların yer aldığı sərgi ziyarətçilər üçün açılıb.

Mission News Theme by Compete Themes.