Press "Enter" to skip to content

Xamneyi istefa versin, İran dünyəvi dövlət olsun

Bayraqdar.info – “Yaşıl Hərəkat”ın məşhur simalarından olan tanınmış siyasi fəal Əbülfəz Qədyani İran rəhbəri Əli Xamneyini ittiham edib. O, avqutsun 19-da yaydığı bəyanatda Xamneyini öz mənfur hakimiyyətinin ömrünü uzatmaq üçün koronavirusdan bir vasitə kimi istifadə etməkdə və xalqı kütləvi şəkildə qırğına verməkdə günahlandırıb.

Bu barədə xəbəri Bütöv Azərbaycan Ocaqları yayıb.

Xəbərdə daha sonra deyilir ki, “Öz bəyanatını islahatçılara yaxın “Kaleme” (Kəlimə) saytında dərc etdirən Ə.Qədyani İran liderini səriştəsizlikdə və etibarlı xarici vaksinlərin ölkəyə idxalına qadağa qoyduğu üçün insanları kütləvi şəkildə qırğına verməkdə günahlandıraraq onun tutduğu vəzifədən istefa verməsini tələb edib”.

“Xamneyi koronavirusu ölkə əhalisinə qarşı kütləvi bir qırğın silahına çevirib. Düzdür, bu məsələdə yarıtmaz, bacarıqsız hökumət və səhiyyə naziri də məsuliyyət daşıyır. Onlar buna görə cavabdeh olmalıdırlar. Lakin bu qırğının əsas səbəbkarı və başlıca günahkarı Əli Xamneyidir. Əli Xamneyi öz şeytani qüdrət və hakimiyyətini davam etdirmək üçün Taliban kimi fundamentalist, insanlığa zidd, terrorçu və cinayətkar bir qruplaşmaya yardım etməyə razılaşmaqla ona bəraət də qazandırıb”, – deyə bəyanatda bildirilir.

Ə.Qədyani əlavə edir: “Çünki o hesab edir ki, hədəfə çatmaq üçün istənilən vasitədən istifadə etmək olar. Lakin şübhəsiz ki, ölkə əhalisi sonunda vahid və ümumxalq bir üsyan və hərəkatla onu və onun sistemini devirəcək”.

“Yaşıl Hərəkat”çı fikrinə davam edərək yazır: “Əli Xamneyi millətin seçimi olmadığı üçün tutduğu vəzifədən istefa verib getməlidir. İranın bu günkü tiranı olan Xamneyi İranın zülm altında olan millətinə zərbə endirmək üçün heç bir fürsəti qaçırmır. O, bu günə qədər ölkənin müxtəlif sahələrində çoxlu faciələr yaşadıb”.

Ə.Qədyani həmin faciələrin sonuncusu kimi koronavirusun ölkədə qırğına səbəb olmasını göstərir: “İran millətinin ən böyük düşməni sayılan Əli Xamneyi yaxşı bilir və öz gözləri ilə görür ki, ölkə əhalisinin 90 faizindən çoxu onunla və onun anti-milli hakimiyyəti ilə müxalifdir. Onun günahsız insanları qırğına verməsinin əsas səbəblərindən biri də məhz budur. Biz isə, Əli Xamneyinin tutduğu vəzifədən istefa verməsini, İslam Respublikasının dəyişməsini və ölkədə referendum keçirilərək dünyəvi-demokratik bir sistemin bərqərar olunmasını tələb edirik”.

“Hesab edirik ki, İranda hazırkı sistem və hakimiyyəti hər hansı bir zorakılığa əl atmadan dinc şəkildə dəyişmənin yolu məhz Xamneyinin istefa verməsi və ölkədə ümumxalq bir referendumunun keçirilməsidir”, – deyə siyasi fəal Ə.Qədyani bildirir.

Mission News Theme by Compete Themes.