Press "Enter" to skip to content

Yenə də jurnalist öldü, Azərbaycana böhtan atıldı

Son yeniləmə: 22 Avqust 2021 21:01

Azərbaycanın ictimai-siyasi müstəvisində olanlar xatırlar. 2017-ci il, oktyabrın 16-da Maltada araşdırmaçı jurnalist Dafne Karuana Galitsiya (Daphne Caruana Galizia) öldürülmüşdü. Korrupsiya məsələlərini araşdırmaqla məşğul idi. Təbii ki, Azərbaycanla yaxından-uzaqdan əlaqəsi olmayan bir olay idi. Lakin bəzi qüvvələr dərhal söz buraxdılar ki, guya onun öldürülməsində Azərbaycan izi də varmış. Hətta açıq mətnlə Prezident İlham Əliyevin adını da hallandırmağa başladılar…

Biz o günlərdə də dedik, indi də fikrimizdə qalırıq: nə Azərbaycanın, nə də Prezident İlham Əliyevin o jurnalistin qətlinə dəxli ola bilməzdi və yox idi də. Və biz haqlı çıxdıq. Araşdırmalar aparıldı, hüquq müstəvisində hər fakt tək-tək nəzərdən keçirildi və bəlli oldu ki, Malta jurnalistinin ölümündə Azərbaycanın adının hallandırılması əsassızdır…

23 fevral 2021-ci ildə Malta məhkəməsi araşdırmaları sona çatdırdı, günahkarları tam olaraq müəyyən etdi və bəlli oldu ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu qətlin Azərbaycanla və onun rəhbəri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur…

Biz onu da xatırlayırıq ki, bu ötən illər ərzində Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) israr və təkidlə hər açıqlamasında bu jurnalistin ölümüylə bağlı Azərbaycanın adını hallandırırdı. Normalda məhkəmə bitdikdən və qatillər, onları motivə edən əsaslar tam aydın olduqdan sonra CPJ-nin Azərbaycandan və adını əsassız yerə hallandırdığı onun rəhbərindən üzr istəməsi lazımdı. Lakin belə bir hal olmadı. Şəxsən mənə məlum deyil belə bir üzrxahlıq…

İndi də bənzər bir olay yaşanıb. Qardaş Türkiyədə bizim də az-çox tanıdığımız bir jurnalist – Aydın Taş Ankaradakı ofisində ölü tapılıb. Olay avqustun 8-də baş verib.

Mərhum A.Taş Kırım Haber Ajansının Türkiyə təmsilçisi idi. Türk dünyasına bağlı bir insandı. İşi-gücü türklüyə xidmətdi. Daha çox birləşdirici mövqedən çıxış edirdi. Təbii ki, Krımın hazırda Rusiyanın işğalı altında olmasıyla bir çoxları, o cümlədən də bizim kimi o da barışmırdı. Yəni adamın siyasi yönü də, çalışma üsulları da bəlli idi. Azərbaycana sayğısına da söz ola bilməzdi…

İndi baxırıq ki, CPJ A.Taşın ölümüylə bağlı da bəyanat yayıb, bu olayı araşdırmağa çağırış edib. Etsin. Hətta sağ olsunlar ki, olaya diqqət çəkirlər. Lakin burada da bir əmma olmasaydı kaş…

CPJ iddia edir ki, mərhum A.Taş həm də Prezident İlham Əliyevi tənqid edirmiş. Harada, necə? Bununla bağlı bir yazıya keçid də qoyublar. O haqda danışmamışdan öncə CPJ-nin yenə də dəxli olmadan Azərbaycanın adını hallandırdığı kəsimi dəyərli oxucularımıza təqdim edirik: “Taşın ən son yazıları CPJ-nin araşdırmalarına görə, Çinin uyğurlara münasibətini, Rusiyanın Krımı işğal etməsini və Prezident İlham Əliyevin Azərbaycanda rəhbərliyini tənqid üzərində qurulmuşdu. İ.Əliyevi tənqid edən yazı göstərirdi ki, Taş keçmiş Prezident Əbülfəz Elçibəyi dəstəkləyirdi”. (“Taş’ recent writing included criticism of China’s treatment of the Uyghurs, Russia’s occupation of Crimea, and President Ilhan Aliyev’s leadership in Azerbaijan, according to CPJ’s review of his work. That report criticizing Aliyev showed that Taş supported former President Ebulfez Elcibey.”)

Biz CPJ-nin A.Taşın adından ünvanını verdiyi yazını-videonu da tapdıq və oxuyub izlədik. A.Taş o videoda Ə.Elçibəy haqqında xoş sözlər deyir. Təbiidir. Videonu müşayiət edən yazıda da eyni tərz var. Lakin İ.Əliyev nəinki tənqid edilmir, o yazı və videoda Azərbaycanın indiki Prezidentinin adı belə keçmir. Ümumiyyətlə isə, Azərbaycanın ünvanına hər hansı tənqid səslənmir.

Hal belə ikən CPJ nəyə əsaslanıb dəxli olmadan daha bir jurnalistin ölümündə Azərbaycanın və onun rəhbərinin adını hallandırır? Ümumiyyətlə, necə olur ki, bu qədər ciddi bir beynəlxalq insan haqları təşkilatı bu qədər aşağı enir, Azərbaycanı və onun rəhbərini hədəfə gətirir?

Biz bu sualların cavabını bilirik: yenə də qərəz, yenə də Azərbaycana və onun rəhbərinə böhtan atmaq tapşırığı alıblar. Bəli, məhz belə!

İndi biz nə etməliyik? Boş durmamalıyıq. CPJ-dəki o başbilən boş başlara nəyin nə olduğunu anlatmalıyıq. Düşünürük ki, Azərbaycanın dövlət qurumları bu məsələylə bağlı etiraz məktubu yazmalı və onu mümkün qədər geniş təbliğ etməlidirlər. Eyni zamanda Azərbaycan Mətbuat Şurası başda olmaqla jurnalist və insan haqları qurumlarımız da vətəndaş etirazını Nyu Yorka qədər çatdırmalıdır.

Bəlkə də kimlərəsə bu məsələ adi bir şey kimi görünə bilər. Lakin elə deyil. Bu yalan və əsassız ittiham dünyaca tirajlanmaqdadır və artıq hesabatlarda yer almaqdadır. Aradan illər keçəndən sonra kimlərsə bu yalanla qarşımıza çıxıb bizim dövlətimizi ittiham edəcək. Ona görə də boş durmamalı, vaxtında onların cavabını verməli və hətta D.K.Galitsiya yalanına görə də üzrxahlıq tələb etməliyik!

Yeri gəlmişkən, A.Taşın sözügedən videosu və onu müşayiət edən yazı Ə.Elçibəyin ölümünün 20 illiyinə həsr edilməklə 22 avqust 2020-ci ildə yayımlanıb. Bir daha və qətiyyətlə bildiririk ki, orada hər hansı tənqiddən söz getmir və İ.Əliyevin adı ümumiyyətlə çəkilmir. Mərhim həmkarımız A.Taş türk dünyasında özəl bir yeri olan Ə.Elçibəyə sayğısını dönə-dönə dilə gətirir. Buna görə isə Azərbaycanda heç kim heç kimə söz demir. Hələ Prezident İ.Əliyev bu məsələyə ümumiyyətlə hər hansı şəkildə qarışmır. Ə.Elçibəyə sayğısı olan hər kəs bunu açıq şəkildə ifadə edə bilir və bu günə qədər bu məsələyə görə heç kimə heç bir söz belə deyilməyib. Zatən deyilməsi də anormallıq olardı. Belə olan halda Ə.Elçibəyə rəğbət bəsləyən bir jurnalistin ölümündə İ.Əliyevin adını hallandırmağın adı nədir?..

Bu da sözügedən video:

https://www.youtube.com/watch?v=B-PN3fJq25s

Mission News Theme by Compete Themes.