Press "Enter" to skip to content

Bu ildən Azərbaycanda “Ortaq türk tarixi” də tədris ediləcək

Son yeniləmə: 23 Avqust 2021 23:04

Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev avqustun 20-də “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında” Əmr imzalayıb.

Sənəd Təhsil Nazirliyi tərəfindən avqustun 23-də ictimailəşdirilib.

Maraqlıdır ki, Əmrdə mövcud ictimai-siyasi durumun tələblərinə uyğun bəzi məqamlar da diqqət çəkir.

Nazirin Əmrinə görə, bu ildən başlayaraq Azərbaycan məktəblərində “Ortaq türk tarixi” də tədris ediləcək. Düzdür, bu dərs mütəmadi və bütün məktəblər üçün məcburi deyil. Lakin istənilən halda ilk addım kimi təqdir etmək olar.

“Müəyyən edilmiş ümumi təhsil müəssisələrinin VIII (səkkizinci) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Ortaq türk tarixi” kursunun tədrisinə verilir”, – deyə Əmrdə bildirilir.

Diqqət çəkən digər bir məqam isə 44 günlük Vətən Savaşında qazanılmış möhtəşəm Zəfərə həsr edilmiş “Zəfər tarixi” dərsinin də proqrama salınmasıdır: “Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə verilir. Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində – Azərbaycan dilində tədris olunur”.

Qeyd edək ki, Azərbaycan da Türk Keneşinin üzvü olduğu üçün digər türk dövlətlərilə birgə ortaq dərslik hazırlanması və dərslərin keçirilməsi üçün təşəbbüslərə dəstək verir. O baxımdan “Ortaq türk tarixi”nin məktəblərdə ilkin təşəbbüs kimi keçilməsi təqdirəlayiqdir. Belə düşünmək olar ki, növbəti dərs illərində bu fənn digər tarix fənləri kimi bütün məktəblərdə geniş tədris ediləcək.

Yeri gəlmişkən, proqramda etnik azlıqların öz dillərində tədrisinə də yetərincə yer verilib. Bu isə Azərbaycanın multikultural və tolerant ölkə olmasına yüzdə yüz uyğun bir təhsil siyasətindən xəbər verir.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.