Press "Enter" to skip to content

DİN və Baş Prokurorluq birgə məlumat yaydı

Son yeniləmə: 23 Avqust 2021 17:53

Bayraqdar.info – Avqustun 23-də Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə video-məlumatı yayılıb. Video-məlumatda bildirilir ki, daxil olan xəbərlər və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən daha bir neçə tibb müəqqisəsində saxta Covid-19 pasportu satılması faktları aşkar edilib.
“Pul qarşılığında vətəndaşlara məxsus məlumatların vaksinasiyadan keçmədən e-təbib elektron qeydiyyat sistemində yerləşdirilməsi və guya həmin şəxsləri vaksin olunmaları ilə bağlı saxta Covid-19 pasportu ilə təmin edilmələri məlum olub.

“Həyata keçirilən ilk əməliyyat zamanı müəyyən edilib ki, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacısı və 2 komputer qeydiyyatçısı, Səbail rayonunda yerləşən 33 saylı Poliklinikanın əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat pul alıb onların xəstəxanaya belə gəlmədən, guya vaksinasiyadan keçib peyvənd olunmalarını təsdiq edən saxta Covid-19 pasportu təqdim ediblər. Adıçəkilən şəxslərin çoxsaylı vətəndaşlardan pul alaraq onları vaksin etmədən e-təbib resursunda qeydiyyat keçirdikləri məlum olub.

“Eyni hal Sabunçu rayon 7 saylı Şəhər Xəstəxanası və Yasamal rayon 3 saylı Şəhər Poliklinikasında da aşkar edilib.

“Qeyd edilən faktlarla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. Prosesdə iştirak edən digər vətəndaşların da aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir.

“Baş Prokurorluq və DİN vətəndaşlara müraciət edərək bildirir ki, saxta Covid-19 pasportunun satılması faktı ilə üzləşdikdə 102 və 961 xidməti zəng mərkəzlərinə və 161 qaynar xəttinə məlumat vermələri xahiş edilir. Vətəndaşlar həmçinin hər iki orqanın sosial şəbəkələrdəki səhifələri vasitəsilə də məlumat verə bilərlər”, – deyə video-məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.