Press "Enter" to skip to content

Azərbaycan nümayəndə heyəti “Kartof Günləri” adlı festivalda

Bayraqdar.info – “Sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması layihəsi” çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutub. 16-21 avqust tarixlərində baş tutan səfər çərçivəsində iştirakçılar kartof istehsalı üzrə ixtisaslaşmış qurumlarda təşkil olunan görüşlərdə iştirak edərək bir çox biliklər əldə ediblər.

Bu barədə bayraqdar.info-ya avqustun 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyəti ilk olaraq Niğdə şəhərində yerləşən Kartofçuluq  üzrə Təqdqiqat İnstitutuna ziyarət edib. Qonaqlar ziyarət zamanı İnstitutun infrasturukturu, yeni istifadəyə verilmiş inzibati binası, laboratoriyaları, istixanaları və əkin sahələri ilə yaxından tanış olublar. Daha sonra İnstitutun rəhbəri Uğur Pırlakın və İnstitutun idarə heyətinin müdirlərinin iştirakı ilə görüş keçirilib.

Nümayəndə heyəti İnstitutun tərkibində fəaliyyət göstərən Toxuma mədəniyyəti, Yetişdirmə və Genetika, Kartof xəstəlikləri və Texnoloji test laboratoriyaları ilə də tanış olublar. Gələcəkdə qarşılıqlı olaraq Azərbaycan KTN-nin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun və Türkiyənin Kartofçuluq Tədqiqat İnstitutunun kartof sortlarının seleksiya işlərinə cəlb olunmasının perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində iştirakçılar Niğdə və Nevşehir şəhərinin yaxınlığında yerləşən kartof saxlanması üçün istifadə olunan yeraltı soyuq anbarlara da baş çəkiblər. Bu yeraltı soyuq anbarların ən önəmli özəlliyi onların heç bir soyuducu avadanlığın istifadəsi olmadan təbii olaraq soyuq temperatura malik olmalarıdır.

Daha sonra iştirakçılar Konya şəhərində təşkil edilən və Türkiyənin ən böyük kartofçuluq nümayiş-sərgisi hesab olunan “Kartof Günləri” adlı festivalda iştirak edib. Türkiyənin kartof istehsalı ilə məşğul olan iri şirkətlərin iştirakı ilə keçirilən sərginin başlıca özəlliyi, stendlərin öncədən əkilmiş və nümayişə hazır əkin sahələrinin yanında quraşdırılaraq məhsulların təqdim olunmasındadır. Sərgidə Türkiyənin Kartofçuluq Təqdqiqat İnstitutu da iştirak edərək milli sortlarını təqdim edib.

Səfər çərçivəsində həmçinin Türkiyənin Kartofçuluq üzrə Tədqiqat İnstitutunun əkin sahələrinə səfərlər baş tutub və tarla əkinlərinə dair müşahidələr aparılıb.

Mission News Theme by Compete Themes.