Press "Enter" to skip to content

“Marş İrəli: Naxçıvan” layihəsi başlayır

Bayraqdar.info – “İrəli” İctimai Birliyi gənclərin milli ruhda formalaşması, onların vətənpərvər və intellektual inkişafı sahəsində tədbirlərini tam sürətlə davam etdirir. Elə bu qəbildən olan “Marş İrəli” layihəsi artıq üç mövsümünü uğurla başa vuraraq, dördüncü mövsümə qədəm qoyur.

Bu barədə bayraqdar.info-ya avqustun 25-də “İrəli” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında baş tutacaq “Marş İrəli: Naxçıvan” layihəsi Naxçıvan gənclərini əhatə edir. Layihənin əsas məqsədi Azərbaycan gəncliyində hərbi vətənpərvərlik ruhunun aşılanması, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsi, fiziki davamlılığın artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gəncliyin inkişafında dövlət gənclər siyasətinə töhfə verməkdir.

Açıq hava şəraitində, düşərgə formatında keçiriləcək hərbi simulyasiya xarakterli layihə çərçivəsində 100-ə yaxın gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq. 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı gənclərin layihədə iştirakı əsasında fiziki dözümlülüyü artacaq. Həmçinin, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında gənclər öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

Layihə boyunca ixtisaslı hərbçilərlə görüş, “Naxçıvan” Mərkəzi Təlim Mərkəzi, Naxçıvan şəhər “N” saylı hərbi hissəyə səfər, silahla rəftar, atıcılıq, feyk nyus təlimləri və digər maraqlı tədbirlər də nəzərdə tutulur.

Xatırladaq ki, layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü Goranboy, üçüncü mövsümü isə Göygöl rayonunda baş tutub. Silsilə layihədə ümumilikdə 500-ə yaxın gənc iştirak edib.

“İrəli” İctimai Birliyi bundan sonra da vətənpərvər gəncliyin formalaşması və gənclərin hərtərəfli inkişafı sahəsində tədbirlərini davam etdirəcək.

Mission News Theme by Compete Themes.