Press "Enter" to skip to content

“Gələcək üçün bacarıqlar” layihəsi üzrə müsahibələr başa çatıb

Bayraqdar.info – “Gələcək üçün bacarıqlar” layihəsi üzrə müsahibələr başa çatıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və layihəyə qoşulan universitetlər tərəfindən həyata keçirilir.

Bu barədə bayraqdar.info-ya avqustun 31-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, layihənin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə münsiflər heyəti tərəfindən Anlaşma Memorandumu imzalamış və layihəyə qoşulmuş 4 universitetin 50 müəllim heyəti ilə mərhələli şəkildə müsahibə keçirilib. Qeyd edək ki, layihəyə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti qoşulub. Müsahibələrin nəticələrinə əsasən hər universitet üzrə kriteriyalara uyğun 5 müəllim olmaqla, ümumilikdə 20 müəllim növbəti mərhələdə iştirak haqqı qazanıb.

Sentyabr ayından etibarən 1 ay davam edəcək “Mentorluq üzrə ixtisaslaşma proqramı” ərzində  sahəvi mütəxəssislər tərəfindən startap və inkubasiya prosesləri, mentorluq fəaliyyəti  və onların yol xəritələri, layihə proseslərinin idarəolunması və s. kimi mövzularda fiziki təlimlər keçiriləcək və layihə iştirakçılarının mentor kimi ixtisaslaşması təmin ediləcək.

Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Mission News Theme by Compete Themes.