Press "Enter" to skip to content

“Gənclər Kuboku: Hərb Oyunları” davam edir

Bayraqdar.info – Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonunda həyata keçirilən “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi davam edir. Bu barədə bayraqdar.info-ya avqustun 31-də İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, layihənin ikinci günündə iştirakçılar Ağdam Rayon Səfərbərlik İdarəsinin mütəxəssisləri tərəfindən silah söküb-yığma təlimlərində iştirak ediblər. İştirakçılar yarış sessiyasında komandalar şəklində birincilik uğrunda mübarizə aparıblar. Bununla yanaşı gənclər İlkin Tibbi Yardımla bağlı maarifləndirici sessiyada iştirak edib, tibbi estafet yarışlarında öz güclərini sınayıblar.

Həmçinin, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov layihənin iştirakçıları ilə görüşüb.  Millət vəkili gənclərin beynəlxalq arenada təmsilçiliyi, informasiya müharibəsi və digər mövzularda iştirakçıların suallarını cavablandırıb. Sonda gənclərə uğurlar arzu edən M.Cəfərov onları bu cür layihələrdə hər zaman aktiv iştirak etməyə dəvət edib.

“Hərb Oyunları”nın üçüncü günündə iştirakçıların Ağdam Rayon Dövlət Bayrağı Meydanına yürüşü təşkil olunub. Gənclər həmçinin, səmti müəyyən etmə üzrə təlim sessiyalarında iştirak ediblər. Təlimin ikinci hissəsində isə gənclər yarışlarda iştirak edərək, öz bacarıqlarını ortaya qoyublar.

O da qeyd edilib ki, layihə boyunca ekstremal şəraitdə 100-ə yaxın gəncin stend atıcılığı, pentatlon və digər idman növləri üzrə yarışı təşkil olunması nəzərdə tutulur. Gənclər yarışlarda birincilik uğrunda mübarizə aparacaq, komanda işini ortaya qoyacaqlar.

“İrəli” İctimai Birliyi tərəfindən bundan sonra da gənclərin hərbi vətənpərvərlik ruhunda formalaşması, onların bu ruhda tərbiyə alması istiqamətində tədbirlər davam etdiriləcək.

Mission News Theme by Compete Themes.