Press "Enter" to skip to content

Həkim Hüseyn Qabulov: “Övladınızı məktəbə qabaqcadan zehni və fiziki hazırlamağa başlayın”

Son yeniləmə: 31 Avqust 2021 12:45

Bayraqdar.info – Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov şagirdlərin məktəbə qabaqcadan zehni və fiziki hazırlanmağının vacibliyini qeyd edir.

Avqustun 31-də həkimin valideynlərə tövsiyə xarakerli açıqlaması Səhiyyə Nazirliyindən bayraqdar.info-ya daxil olub.

Həkim açıqlamasında bildirir: “Uşaqlara məktəbdə oxumağın niyə vacib və zəruri olduğunu izah edin. İdeallaşdırmadan, eyni zamanda, məktəb haqqında mənfi danışmadan maraqlı, maarifləndirici, əyləncəli məktəb təcrübələrinizi paylaşın. Tədricən gələcək şagirdə dərslərə vaxtında gəlmək üçün səhər tezdən qalxmağı, arzu olunan oyanma vaxtına yaxınlaşdırmağı öyrədin. Tədris ili başlamazdan öncə, məktəbin həyətində gəzintiyə çıxın, onu gələcək müəllimi ilə tanış edin, sinfi göstərin. Bu, uşağın yeni mühitə alışmasını asanlaşdıracaq.

“Evdə, əyləncəli formada bir məktəb dərsinin səhnəciyini yaradın: stullar qoyun, potensial bir şagirdi, bacı-qardaşlarını otuzdurun, əgər yoxdursa, uşağın sevimli oyuncaqlarından istifadə edin və s. Sadə suallar verin, uşağınızı düzgün cavab verməyə təşviq edin, məktəbdə və dərs zamanı partada davranış qaydalarını izah edin. Ümumiyyətlə, hər şey valideynlərin təxəyyülündən və yaradıcılığından asılıdır. Uşağa qabiliyyətli olduğunu və məktəbdə onun böyük uğurlara nail ola biləcəyini demək vacibdir. Məktəb ləvazimatlarını mütləq şəkildə uşaqlarınızla birlikdə alın. Məsləhətləşin, dinləyin, lazım gələrsə izah edin və əsaslandırın ki, niyə siz bu və ya digər dəftəri, qələmi, qovluğu, çantanı almağı üstün tutursunuz. Gələcəkdə bu, uşağın ehtiyac duyduğu malları şüurlu şəkildə istifadə etməsini və almasını stimullaşdıracaq.

“Uşağınızla bu gün hansı yeməyi bişirəcəyinizi, bu əlamətdar hadisəni qeyd etmək üçün sevdiklərinizdən kimləri şam yeməyinə dəvət edəcəyinizi, harada gəzintiyə çıxacağınızı müzakirə edin”.

“Birinci sinif şagirdi həddindən artıq yükləmək məsləhət görülmür, xüsusən də birinci tədris ilinin əvvəlində, xarici dildə əlavə dərslər, musiqi və s. Bu, psixikaya düşən yükü artırır və körpənin görmə orqanını gərginləşdirir. Bu müddət ərzində gimnastika, açıq havada gəzinti və dərslərdən sonra axşamlar məktəbdə yeni hadisələrin müzakirəsi faydalı ola bilər. Müvafiq şərtlər və istəklər daxilində uşaq üzgüçülük, stolüstü tennis, rəqslə məşğul ola bilər. Fiziki fəaliyyət qan dövranını yaxşılaşdıracaq, immuniteti, yaddaşı gücləndirəcək və körpənin əhvalını qaldıracaq”, – deyə H.Qabulov bildirib.

Mission News Theme by Compete Themes.