Press "Enter" to skip to content

Bakı Dövlət Universitetinin 102 yaşı tamam olur – VİDEO

Bakı Dövlət Universiteti

Son yeniləmə: 1 Sentyabr 2021 14:51

Bayraqdar.info – Azərbaycanda bir çoxlarının məzunu olduğu, sevə-sevə auditoriyalarında təhsil aldığı Bakı Dövlət Universitetinin sentyabrın 1-də 102 yaşı tamam olur. Bu universitetdə təhsil almaq hər kəsin arzusu olub. Kimlərə qismət olub, kimlərəsə yox. Amma BDU-nu bitirən məzunlar həmişə açıq sözlü, demokratik düşüncəli və sözün əsl mənasında ziyalı olublar. Bu, ziyalılıq BDU-nun müəllim heyətindən irəli gəlib və hətta daşlarına hopub deyərdim.

BDU-nun tairixinə bir nəzər salaq:

Universitet 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib.

İlk tədris ilini 2 fakültə ilə — tarix-filologiya və tibb fakültələri ilə fəaliyyətə başlayan universitetdə 1094 tələbə təhsil alıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.

1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib.

Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xöşbəxt hesab edə bilərik”.

1920-ci ildə universitetə məşhur nevropatoloq, Moskva Universitetinin məzunu, sonralar akademik olmuş professor Sergey Davidenkov rektor təyin edilir.

Yerli kadrlara olan ehtiyacı nəzərə alan hökumət 1921-ci ilin may ayında təhsilin türk dilində də aparılması barədə qərar qəbul edir, lakin universitetə tədricən təzyiqlər göstərilir, onun daxilində “təmizləmə” işləri aparılırdı.

1920-ci ildə professor Aleksandr Qulyayev BDU-ya rektor təyin edilir.

İlk azərbaycanlı rektor Tağı Şahbazi 1926-cı ildə bu təhsil ocağına rəhbərlik edir. Lakin 1929-cu ildə onu kənarlaşdıraraq görkəmli rus alimi Vladimir Yelpatyevskini rektor təyin edirlər.

1930-cu ilin iyununda Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Universitetin fəaliyyəti dayandırılır, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradılır.

1934-cü ilin may ayında Azərbaycan SSR XKS-nin qərarı ilə Dövlət Universiteti yenidən işə başlayır.

30-cu illərin amansız repressiyaları universitetin milli ruhlu kollektivindən də yan keçmir. Bu dövrdə yüzlərlə professor, müəllim, işçi və tələbəyə “xalq düşməni”, türkçü, turançı, pantürkçü, panislamçı damğaları vurulur. O illərdə amansız Stalin repressiyalarının qurbanı olmuş, Sibirin həbs düşərgələrinə sürgün olunmuş və ya güllələnmiş Ə.Nazim, A.Bukşpan, Ə.Qubaydullin, V.Xuluflu, B.Çobanzadə, T.Şahbazi, H.Şahtaxtinski, M.Ələkbərli kimi unudulmaz ziyalılarımız olub.

1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin Universitetin rektoru olmuş 4 görkəmli ziyalımız (Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Bala bəy Həsənbəyov) güllələnməyə məhkum edilir.

1989–1993-cü illərdə BDU-da 5 dəfə rektor dəyişdirilir.

Bakı Dövlət Universiteti Prezident İlham Əliyevin “BDU-nun və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu alıb. Bu sərəncamın tətbiqi ilə əlaqədar BDU-nun özünüidarə statusu ləğv edilib.

Universitetin adları da dəyişikliyə məruz qalıb:

1919 −1920 — Bakı Universiteti
1920 −1991 — Kirov adına Azərbaycan Dövlət Universiteti
1991–2000 — Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti
2000 — indiyədək — Bakı Dövlət Universiteti

Universitetin tərkibində 4 institut, 16 fakültə fəaliyyət göstərir. Əvvəllər 2 filialı olsa da, hal-hazırda 1 filialı var. 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyaları var. Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman — sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.

BDU-nun kitabxanasının yaradılma prosesi də maraqlıdır…

1919-cu ilin iyul ayında Universitet rəhbərliyi Bakı şəhər bələdiyyə idarəsinə müraciət edir. İndiki Musa Nağıyev adına xəstəxananın nəzdindəki, daha sonra Sabunçu xəstəxanası nəzdində olan kitabxana universitetə verilir. Bundan əlavə, həmin dövrdə satışdan 120 min manatlıq kitab da alınır. Universitet kitabxanasını genişləndirmək üçün komissiya tərəfindən eyni zamanda əhaliyə və ilk növbədə maarifpərvər ziyalılara müraciət olunur. Kitabxanada xüsusi türk şöbəsi yaradılır, onu komplektləşdirmək üçün İstanbuldan 212 adda kitab gətirilir.

Artıq 1920-ci ilin əvvəllərində kitabxananın fondunda 6 mindən çox kitab, 130 adda qəzet və jurnal var idi. Kitabxana fondlarının zənginləşdirilməsi sonrakı illərdə də davam etdirilib. Kitabxananın Şərq şöbəsinin təşkili üçün Azərbaycan SSR XKS 1922-ci ildə 7 min manat qızıl pul ayırır. Bu vəsait hesabına 1924-cü ildə İstanbuldan 2000-dən artıq kitab alınır.

1922-ci ildə BDU-nun Petroqrada ezam olunmuş professorları buradan pulsuz olaraq 200 kq-dan artıq qiymətli elmi ədəbiyyat, o cümlədən Rusiya Elmlər Akademiyasının bütün nəşrlərini alıb gətirirlər.

Hazırda Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malikdir. Kitabxananın 12 qiraət zalı, 5 abunə şöbəsi var.

Universitetin Xızıda və Qubada Tədris-Təcrübə və İstirahət Mərkəzləri mövcuddur…

BDU-nin Altıağac Tədris-Təcrübə və İstirahət Mərkəzi Xızı rayonunun Altıağac qəsəbəsində yerləşir. Bu mərkəzdə əsasən biologiya və coğrafiya fakültələrinin tələbələri istehsalat təcrübəsində iştirak edirlər.

1990-cı ildən fəaliyyət göstərən bazada 2001-ci ildə əsaslı təmir işləri aparılıb.

Quba rayonunun İkinci Nügədi kəndində yerləşən tədris-təcrübə və istirahət mərkəzi də biologiya və coğrafiya fakültələrinin tələbələri üçün istehsalat təcrübəsində olaraq nəzərdə tutulub.

Bu tədris-təcrübə və istirahət mərkəzinin əsası Nazirlər Sovetinin 10 iyul 1967-ci il tarixli Sərəncamı ilə Quba rayonunun Jdanov adına sovxozunun (indiki İkinci Nügədi kəndi) ərazisindən torpaq sahəsinin ayrılması ilə qoyulub.

1970-ci ilin yayında biologiya fakültəsinin yeni dekanı Qara Mustafayev və bir qrup tələbə təzəcə salınmış cığırla gəlib alma ağaclarının altında qurulan çadırlarda ilk təcrübə keçiblər. Beləliklə, “çadır-təcrübə praktikası” 1991-ci ilədək davam edib.

1989-cu ildə Rusiyadan alınan taxta konstruksiyalı ikimərtəbəli binalardan biri biologiya fakültəsinin o vaxtkı dekanı Akif Quliyevin şəxsi səyləri nəticəsində universitetə verilir. Həmin 16 mənzilli, 47 otaqlı ev 1990-cı ilin sonlarında İkinci Nügədi kəndində qurulub başa çatır. 1991-ci ildən etibarən tələbələr, nəhayət, rahat otaqlarda yerləşərək təcrübə keçməyə başlayır. Lakin bu təcrübələr uzun sürmür. Qarabağ müharibəsi dövründə burada məcburi köçkünlər məskunlaşır. Ermənilərin təcavüzü nəticəsində 1993-cü ildə Qubadlıdan qaçqın düşən 38 ailə müvəqqəti yaşamaq üçün bazada yerləşdirilir və bu “müvəqqətilik” 2012-ci ilə kimi davam edir. Təxminən 20 il ərzində tələbələrin təcrübə dərsləri həyata keçirilmir.

2007-ci ildə Qubanın Giləzi kəndində torpaq sürüşməsi başlayır və dövlət tərəfindən Qubanın Aşağı Atuc kəndində 60 hektar torpaq sahəsi ayrılır. Hər birinin həyətyanı sahəsi 8 sot olan 189 mənzil inşa olunur.
2012-ci il martın 6-da istifadəyə verilən həmin qəsəbənin sakinlərinin bir qismi BDU-nun tədris-təcrübə bazasında məskunlaşan məcburi köçkünlər idi.

Həmin dövrdə BDU-nun Elmi Şurası “Biologiya fakültəsinin tədris-təcrübə bazası” adının dəyişdirilərək “BDU-nun Tədris-təcrübə və istirahət mərkəzi” olması haqqında qərar qəbul edir.

400 nəfər üçün nəzərdə tutulan mərkəzdə Universitetin müəllim və tələbələrinin istirahətinə hər cür şərait yaradılıb. Burada həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir.

Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı, 300 nəfərlik böyük akt zalı, professor-müəllim heyəti üçün nəzərdə tutulmuş 2–3 otaqdan ibarət 5 VİP mənzil var.

Müəllim-tələbə heyəti 300 nəfərlik yeməkxananın xidmətlərindən istifadə edir.

Mərkəzin həyətində 2 idman stadionu (biri futbol, digəri voleybol və böyük tennis) yerləşir.

Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 18 sentyabr 2013-cü ildə mərkəzin açılışında iştirak ediblər.

Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.

Mission News Theme by Compete Themes.