Press "Enter" to skip to content

Sabunçuda 1400-dən çox ailənin içməli su təminatı yaxşılaşacaq

Bayraqdar.info – “Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına Sabunçu rayonunun Zabrat, Maştağa, Bilgəh və Pirşağı qəsəbələrində içməli su probleminin ciddi müşahidə olunduğu ərazilərdə əhali tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr ləğv edilərək yeni mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.”

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya sentyabrın 1-də verilən məlumatda belə deyilir.

Qeyd olunur ki, indiyədək mərkəzləşdirilmiş şəbəkə olmadığından sakinlər içməli su təchizatında çətinliklərlə üzləşirdi: “Tikinti normalarına cavab verməyən bu xətlərdə tez-tez qəzaların baş verməsi sabit hidravlikli rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradırdı. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu daşıma yolu ilə əldə edirdi”.

Yeni mərkəzləşdirilmiş şəbəkələrin yaradılması isə bu problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin sistemə qoşulmasına da imkan verir: “Rayon ərazisində pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC-nin daxili imkanları hesabına 5,8 km uzunluğunda paylayıcı su xətlərinin tikintisinə başlanılıb. Eyni zamanda, Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərin sosial-məişət problemlərinin həllinə dəstək olaraq Sabunçu rayonunda 21 şəhid ailəsi və qazisinin yaşadığı ərazilərdə ümumilikdə 5,1 km uzunluğunda yeni şəbəkə yaradılır. Bu işlər çərçivəsində ümumilikdə 1400-dən çox ailənin içməli su təminatı yaxşılaşacaq. Artıq 160 mm diametrli polietilen borularla 1 km-dən artıq paylayıcı su xətləri çəkilib”.

O da qeyd edilir ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Sabunçu rayonu ilə yanaşı Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında, həmçinin Hacıqabul, Saatlı, Şamaxı, Siyəzən, Neftçala, Biləsuvar və Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.

Mission News Theme by Compete Themes.