Press "Enter" to skip to content

Meksika televiziyasında Şuşa haqqında reportaj

Son yeniləmə: 3 Sentyabr 2021 10:57

Bayraqdar.info – Meksikanın geniş izləyici kütləsinə malik “CanalOnce” dövlət televiziyasının “Xəbərlər” proqramında səfir Məmməd Talıbovun bölgədəki vəziyyət barədə müsahibəsi efirə gedib. Səfirdən müsahibəni Şuşada cari ilin 22-24 iyul tarixlərində işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamont götürüb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 3-də ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfir müsahibədə əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin Azərbaycan üçün xüsusi coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyət kəsb etdiyini bildirib. Şuşa şəhərinin işğaldan azad edilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Həmçinin, hazırda 30 ilə yaxın işğal atında olmuş və erməni vandalizminə məruz qalmış işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin aparıldığı qeyd olunub. Səfir Azərbaycanın qarşısında duran ən vacib məqsədlərin bu ərazilərin yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi olduğunu bildirib.

Sonra azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə işğaldan ziyan görmüş ərazilərdə mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verilib. Eyni zamanda, hazırda Azərbaycan tərəfindən həmin ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin görüldüyü qeyd olunub.

“Müxbirin tanınmış fransız yazıçısı Aleksandr Dümanı şahmatda məğlub edən görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan barəsində sualına cavab verən səfir, onun sonuncu Qarabağ xanının qızı olduğunu, Xurşidbanu Natəvan kimi, Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin Şuşada anadan olduğunu söyləyib. Bir çox mədəni abidələr kimi, Xan qızı Natəvanın sarayının da erməni vandalizminə məruz qaldığı təəssüflə qeyd edilib”, – deyə məlumatda bildirilib.

Mission News Theme by Compete Themes.