Press "Enter" to skip to content

“YAŞAT” Fondu şəhidlərin məktəbli övladları üçün xüsusi layihə reallaşdırır – VİDEO

Son yeniləmə: 3 Sentyabr 2021 10:22

Bayraqdar.info – “YAŞAT” Fondu şəhidlərin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihə həyata keçirir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 3-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar Fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

Hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinifə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız kley, flomaster, rəngli karandaş, plastilin və plastilin qabı, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir. Əlavə hədiyyə olaraq ibtidai siniflər üçün “Lego” oyun qutusu, 5-8-ci siniflər üçün “Puzzle”, 9-11-ci siniflər üçün şahmat dəsti daxil edilib.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. 870 məktəblinin 494-ü oğlan, 376-sı isə qızdır.

“YAŞAT” Fondunun vəsaiti hesabına gerçəkləşən layihənin reallaşması üçün “Bravo” marketlər şəbəkəsinin “Sevinc payı 4” layihəsi çərçivəsində toplanan 9386 AZN layihə üçün Fondun hesabına köçürülüb.

Həmçinin “Yüksəliş” müsabiqəsinin qalibləri 9100 AZN, “AQRARKREDİT” QSC BOKT 5000 AZN vəsait ianə edib.

Mission News Theme by Compete Themes.