Press "Enter" to skip to content

“Zəfər Yolu”nda 2 lay asfalt-beton örtüyün döşənməsi işləri bitmək üzrədir

Bayraqdar.info – Dövlət başçısı tərəfindən “Zəfər Yolu” adlandırılan avtomobil yolunun inşası tamamlanmaq üzrədir. Tikintisinə 10 ay bundan öncə başlanılmış “Zəfər Yolu”nun sentyabr ayı ərzində 2 hərəkət zolaqlı olmaqla asfaltlanmasının yekunlaşdırılması planlaşdırılır.

Bu barədə sentyabrın 3-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bayraqdar.info-ya bildirilib.

“Dövlət başçısının tapşırığına əsasən, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 km təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır.

“Hazırda yol boyu son tamamlanma işləri icra edilir. “Zəfər Yolu”nda layihəyə uyğun olaraq artıq qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla və bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrdə layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilərək yekunlaşdırılıb.

“Son mərhələ üzrə yolda asfaltlanma işləri aparılır ki, artıq 31 km-lik hissədə 2 lay, 61 km-lik hissədə isə 1 lay olmaqla ümumilikdə 92 km-lik hissə asfaltlanıb. Digər hissələrdə bu çərçivədə işlər davam etdirilir”, – deyə AAYDA-nın xəbərində qeyd edilir.

Həmçinin o da bildirilir ki, yeni inşa edilən yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb. Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla yolun 26.9-cu, 37.2-ci, 37.5 və 57.3-cü km-lik hissələrində inşa edilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunub.

Bundan başqa, layihə çərçivəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli 166 dairəvi boru və 11 düzbucaqlı su keçidi, həmçinin 120 km-ə yaxın beton küvetlər tikilib, 82 drenaj quyusu qazılıb, 5.6 km uzunluğunda müxtəlif diametrli drenaj borular çəkilib, 3.2 km uzunluğunda istinad divarları və 9 yerdə yeraltı keçid inşa edilib.

“İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini AAYDA-nın 16, 7, 23 və 43 N-li Yol İstismarı MMC-lər ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti, həmçinin “Azvirt” MMC və “Körpü Bina Tikinti” MMC birgə icra edir.

“İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

“Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.