Press "Enter" to skip to content

Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin saytı fəaliyyətə başlayıb

Son yeniləmə: 4 Sentyabr 2021 15:41

Bayraqdar.info – Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AATİB) saytı fəaliyyətə başlayıb.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Sayt Almaniyada yaşayan azərbaycanlı həkimlər, alimlər və tələbələr arasındakı əlaqələri, alman və azərbaycanlı həkimlər arasında bilik və təcrübələrin qarşılıqlı mübadiləsi imkanlarını araşdırmaq və təkmilləşdirmək, əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq məqsədilə yaradılıb”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, AATİB-in əsas hədəflərindən biri tibb sahəsində fəaliyyət göstərən soydaşlarımızın peşə hazırlığının artırılmasına, kariyerasının ilk pillələrində olan həmkarlarımızın alman cəmiyyətinə inteqrasiyasına dəstək göstərməkdir: “Maarifləndirmə işinin və təlimlərin keçirilməsinə xüsusi diqqət ayıran birlik üçün təhsil və sosial proqramların yaradılması, Azərbaycanda və Almaniyada konfransların təşkili və tibbi maarifin təbliği, eyni zamanda yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin qurulması prioritet məsələlərdəndir”.

Qeyd edək ki, AATİB 2020-ci ildə rəsmi fəaliyyətə başlayıb. Almaniyada çalışan yüzlərlə azərbaycanlı tibb işçisinin təmsil olunduğu ilk cəmiyyətdir. Birlik 2020-ci ilin dekabr ayında Almaniya Federativ Respublikasının Visbaden Ədliyyə baş idarəsinin 02.12.2020-ci il 7380 №-li qərarı ilə rəsmi qeydiyyatdan keçərək ictimaiyyətə təqdim olunub.

Mission News Theme by Compete Themes.